Dövlət Təhlükəsizliyi Xidməti (DTX) araşdırmalara başlayıb.
DTX yaydığı məlumatda araşdırmaya başlanması belə izah edilib: «Son günlər bəzi saytlarda keçmiş Milli Təhlükəsizlik Nazirliyi ilə məxfi əməkdaşlıq etdikləri bildirilən bir sıra şəxslər və ya onların məxfi təxəllüsləri haqqında məlumatlar yayılıb».
DTK vurğulayır ki, həmin məlumatlarda qeyd olunan halların düzgünlüyü, dövlət sirri təşkil edən məlumatların yayılması və açıqlanma mənbəyi ilə bağlı məsələlər cinayət işi üzrə araşdırılır.
Açıqlamada bildirilir ki, kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında məlumatlar dövlət sirridir. Belə məlumatların yayılması qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyəti yaradır.
Hazırda davam edən «MTN işi» məhkəməsi çərçivəsində bəzi xəbər saytları cinayət işi ilə bağlı istintaq materiallarına istinadən, bu qurumla əməkdaşlıq edən şəxslərin kod adlarını və bu əməkdaşlığa görə aldıqları pul vəsaitlərinin həcmi barədə informasiyalar yayıb.
Milli Təhlükəsizlik Nazirliyi 2015-ci ilin dekabrında ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Əks Kəşfiyyat Xidməti yaradılıb. Keçmiş nazirliyin 20-yə qədər əməkdaşı mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və bir sıra başqa cinayətlərdə ittiham edilirlər. Onlardan bəzilərinin hazırda məhkəməsi gedir.