Berlində "Azərbaycanda siyasi məhbuslara azadlıq!" aksiyası keçirilib

Berlində Azərbaycanda siyasi məhbusları müdafiə aksiyası

Aksiya fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun həbsinin ildönümünə həsr olunub

Bir qrup azərbaycanlı siyasi mühacir mayın 10-da Berlində Azərbaycan səfirliyi qarşısında “Qul bayramınız mübarək!” şüarı və bütün siyasi məhbusları azad etmək tələbi ilə etiraz aksiyası keçirib.

Aksiya fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun həbsinin ildönümünə həsr olunub.

Bir il əvvəl onlar Bakıda Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” və “Rədd olsun sistem!” siyasi şüarları yazdıqdan sonra saxlanılıblar.

Bayram Məmmədov və Qiyasəddin İbrahim

Aksiya iştirakçıları hər il mayın 10-da Heydər Əliyevin ad günündə hakimiyyətin keçirdiyi gül bayramını tənqid ediblər.

Onlar deyir ki, bu" bahalı bayram" hər dəfə 50-60 mln. dollar büdcə vəsaitinin xərclənməsinə səbəb olur.

Amma Qiyas İbrahimovu və Bayram Məmmədovu narkotik ticarətində ittiham ediblər və hər birini 10 il müddətinə azadlıqdan məhrum ediblər.

Berlində aksiya iştirakçıları həmçinin aprelin 18-də Bakıda istintaq təcridxanasında müəmmalı şəraitdə vəfat etmiş bloger Mehman Qələndərovun qatillərinin cəzalandırılmasını tələb ediblər.

O da H.Əliyevin abidəsi qarşısında Məmmədov və İbrahimovla həmrəylik aksiyasından dərhal sonra narkotik maddələrin dövriyyəsi ittihamı ilə həbs olunub.

Berlində piket iştirakçıları ReAl hərəkatının lideri İlqar Məmmədovun, bloger Mehman Hüseynovun və digər "siyasi məhbus" kimi tanınan şəxslərin portretlərini də qaldıraraq, Azərbaycan hakimiyyətini bütün siyasi məhbusları azad etməyə çağırıb.