Hüquq müdafiəçisi azad buraxılıb (Yenilənib)

Bəşir Süleymanlı bu gün polisə aparılıbmış

Bakı vaxtı ilə saat 18:00 radələrində Bəşir Süleymanlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən (DİN BMCMİ) çıxıb.

O, Amerikanın Səsinə bildirib ki, ona dindirmənin guya “Azərbaycan Beynəlxalq Bankı”nın həbs edilmiş sədri Cahangir Hacıyevi siyasi məhbus kimi tanımağa hazırlaşması ilə bağlı olduğunu deyiblər.

Öz növbəsində, Süleymanlı bildirib ki, məlumat həqiqəyə uyğun deyil.

Süleymanlının sözlərinə görə, ümumilikdə onun hüquq müdafiə fəaliyyətinə heç bir irad olmayıb və ona qarşı nəzakətli münasibət göstərilib.

Sonda başqa sualları olmadığını bildirərək, Süleymanlını buraxıblar.

Bir müddət əvvəl Yevlax rayonunda fəalın atası polisə çağırılıb. Süleymanlı hesab edir ki, bu da polisin yuxarıda qeyd edilən ehtimalı ilə bağlı ola bilərdi.

Süleymanlı siyasi məhbus siyahılarının vətəndaş cəmiyyətinin işçi qrupu tərəfindən kollektiv şəkildə və dəqiq və konkret meyarlar əsasında hazırlandığını izah edib.

Bununla belə, bu mövzunun DİN-də maraq doğurmasının səbəbi aydın deyil.

***

Hüquq müdafiəçisindən bir neçə saatdır xəbər yoxdur, telefonu söndürülüb.

Bu barədə Amerikanın Səsinə Bəşir Süleymanlının vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Vasif adlı qərargah rəisi Süleymanlını BMCMİ-nə çağırmışdı.

“Biz 10 gun əvvəl Yevlax Polis idarəsinə getmişdik. Bir neçə gün əvvəl BMCMİ-nin Vasif adlı qərargah rəisi onu BMCMİ-nə çağırmışdı. Birlikdə getmək istədiyimizi bildirəndə daha ehtiyac olmadığını bildirmişdi,” deyə vəkil bildirib.

Vəkil hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedəcəyini onunla görüşə cəhd edəcəyini deyib.

Jurnalist Xədicə İsmayıl Facebook səhifəsində yazıb ki, Bəşir Süleymanlı son günlər ailəsi və özü dəfələrlə təzyiqə məruz qalıb. Bu gün yoxa çıxmazdan əvvəl xanımına zəng vurub, gəlməyəcəyini deyib, dostlara xəbər verməsini istəyib.

Xatırladaq ki, Süleymanlı seçkilərin monitorinqini həyata keçirən və müstəqil qiymət verən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktorudur. 2014-cü ildə Süleymanlı iqtisadi cinayətlər ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan o, vaxtından əvvəl azad olunub.

Hazırda o, Vətəndaş Hüquqları İnstitutuna rəhbərlik edir.