“İlqar Məmmədovun bel ağrıları nisbətən sakitləşsə də yenə də qalır. O mənimlə görüşə də gec gəldi. Çünki hərəkət etməkdə çətinlik çəkir”.
Bu barədə vəkil Cavad Cavadov martın 29-da 2 saylı Cəzaçəkmə Müəssisəsində REAL Hərəkatının lideri İlqar Məmmədovla görüşdən sonra Amerikanın Səsinə müsahibəsində bildirib.
Your browser doesn’t support HTML5
Martın 24-də İlqar Məmmədovla Ədliyyə Nazirliyinin Tibb Xidmətinin nümayəndəsi Şamil Aydəmirov və bir tibb işçisi müayinə edib və ağrıların kəskin osteoxondrozdan yarandığını bildiriblər.
Vəkilin sözlərinə görə, İlqar Məmmədov bel ağrılarının yaranmasının başqa səbəblərinin olduğunu da deyib.
“Cəzaçəkmə müəssisəsindəki çarpayılar və oturacaqlar (taburetka) minimal ortopedik standartlara cavab vermir. Çarpayılar dəmirdir və çürüyüb. Oturacaqların isə söykənəcək yeri yoxdur. Məhbuslar vəziyyətdən çıxış üçün çarpayların çürümüş hissələrinə taxta dik qoyub yatırdılar. Ötən ilin dekabrından həmin diklər də yığışdırılıb”, vəkil Məmmədova istinadən qeyd edib.
Cavadovun sözlərinə görə, Ədliyyə Nazirliyinin mütəxəssislərinin İlqar Məmmədovun ortopedik çarpayı və oturacaqla təmin ediləcəyinə söz versələr də hələ təmin edilməyib.
Vəkil həmçinin İlqar Məmmədovun xarici mütəxəssislər tərfindən müayinə olunmasını istədiyini deyib.
“Yəqin ki, bayram günləri olduğundan və hələ icazə ala bilmədiklərindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də Məmmədovla görürşməyib”.
“İlqar Məmmədov Avropa İnsan Haqları Məhkəməsinin, Avropa Şurası Nazirlər Komitəsinin onun həbsdən azad edilməsi ilə bağlı qərar və qətnamələrinin yerinə yetirilməsini tələb edir”, vəkil Məmmədovun mesajını diqqətə çatdırıb.
REAL Hərəkatının rəhbəri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə isə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.
Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il 20 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu bəyan edib.