Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində birinci vitse-prezident təyinatı, mövcud ictimai-siyasi, sosial durumdan danışıb.
Amerikanın Səsi: Milli Şura Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsini birmənalı pisləyən bəyanatla çıxış edib. İqtidar partiyası isə Mehriban xanımın təyinatının islahatlara yeni impuls verəcəyini bildirir. Sizcə bu təyinatın ölkə üçün hansı nəticələri ola bilər?
21-ci əsrdə, demokratiya əsrində və cümhuriyyət ənənələrinin daha da oturuşduğu bir dövrdə belə bir fakt, yəni prezidentin öz xanımını birinci vitse-prezident təyin etməsi faktı dünya tərəfindən qəbul edilmir.
Cəmil Həsənli: Bilirsiniz, mənə elə gəlir ki, nəticələrdən daha çox faktın özünə qiymət vermək lazımdır. Bu fakt nə qədər konstitusiyaya, qanuna uyğundur, nə qədər mənəvi prinsiplərə uyğundur. Ona diqqət yetirmək lazımdır. Milli Şura olaraq bizim narazılığımız şəxslə bağlı deyil. Məsələ burasındadır ki, fəaliyyətdə olan prezidentin sərəncam verib, öz xanımını, öz həyat yoldaşını ölkənin birinci vitse-prezidenti təyin etməsi faktı gülüncdür, Azərbaycanı ironiya mənbəyinə çevirir, Azərbaycanı lağ hədəfinə çevirir. Biz hələ digər Avropa, Amerika mətbuatının yazdıqlarını qoyaq bir kənara, bizimlə qardaş Türkiyədə fakta münasibəti biz, açıq-aydın gördük. Bilirsən, 21-ci əsrdə, demokratiya əsrində və cümhuriyyət ənənələrinin daha da oturuşduğu bir dövrdə belə bir fakt, yəni prezidentin öz xanımını birinci vitse-prezident təyin etməsi faktı dünya tərəfindən qəbul edilmir. Bu, Azərbaycan vətəndaşlarına münasibətdə bir aşağılayıcı nəzərin ifadəsidir. Eyni zamanda, bu kobud şəkildə konstitusiya pozuntusudur. Çünki, tarixin hansısa məqamında bu vitse-prezident, eyni zamanda prezident ola bilər, prezident funksiyasını yerinə yetirə bilər. Konstitusiyanın birinci maddəsinə görə, yalnız hakimiyyətin mənbəyi xalqdır. Xalqdan etimad alan, səs alan şəxs prezident funksiyasını yerinə yetirə bilər. Bu günləri öz həyat yoldaşını bir fərmanla, bir sərəncamla birinci vitse-prezident edir. Sabah asanlıqla onun hakimiyyətə yolunu açır. Bu da hakimiyyətin bir ailənin, bir klanın əlində uzun müddətə qalması üçün şərait yaradır. Bu, demokratiya prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir və Milli Şuranın bəyanatının kəskin olması bilavasitə bununla bağlıdır.
Amerikanın Səsi: Eyni zamanda, bütün tərəflər islahatların vacibliyini qeyd edir. İslahatlar ilk öncə hansı sahələri əhatə etməlidir?
Bu hakimiyətdən islahatlar gözləmək və bu islahatların respublikanı böhrandan çıxaracağına ümid bəsləmək sadəcə olaraq illuziyadır.
Cəmil Həsənli: Bu hakimiyyət islahat aparmaq qabiliyyətinə malik deyil. Ona görə də, islahatların xarakteri barədə, məzmunu barədə, onun nələrə gətirib çıxarması barədə danışmağın əhəmiyyəti yoxdur. Bu hakimiyyət nəyi fikirləşirsə orada öz maraqlarını güdür. Tutalım bu referendum, əslində bu da bir islahat hesab edilməli idi. Amma, referendumla neçə dəfə konstitusiyada dəyişiklik olubsa və islahat adı ilə dəyişdirilibsə, bunların hamısının bilavasitə ailənin hakimiyyətinin möhkəmlənməsinə xidmət etdiyini biz görmüşük. 2002-cü ildə, 2009-cu ildə, 2016-cı ildəki dəyişikliklər - cəmiyyətə islahat kimi sırınan dəyişikliklərin hamısı, ailə-klan hakimiyyətinin saxlanmasına xidmət edib. Ona görə də bu hakimiyətdən islahatlar gözləmək və bu islahatların respublikanı böhrandan çıxaracağına ümid bəsləmək sadəcə olaraq illuziyadır.
Amerikanın Səsi: Milli Şura iqtidardan kütləvi həbsləri və repressiyaları dayandırmağı tələb edən bəyanatla çıxış edib. İqtidar sizin tələblərinizi qəbul etməsə hansı addımlar atacaqsınız?
İqtidarın hesablamaları ondan ibarət idi ki, hakimiyyətin ailə-klan çərçivəsinə salınmasına cəmiyyətdən hansısa bir etiraz gəlməsin. Bu günə qədər də həbslər davam edir.
Cəmil Həsənli: Əslində, bu repressiyaların müəyyən qədər anlamı bəlli oldu. Cəmiyyətin susdurulması, qeyri hökumət sektorunun dağıdılması, müqavimət hissinin məhv edilməsi, - bunlar hamısı indiki dəyişikliklərə hazırlıq xarakteri daşıyırdı. Əslində iqtidarın hesablamaları ondan ibarət idi ki, hakimiyyətin ailə-klan çərçivəsinə salınmasına cəmiyyətdən hansısa bir etiraz gəlməsin. Bu günə qədər də həbslər davam edir. Bax, belə bir şəraitdə, əlbəttə müqavimət olacaq, tənqid olacaq. Azərbaycan cəmiyyətində korrupsiyanın səviyyəsi azalmayıb, monopoliya həmin qaydada davam edir, böhran dərinləşməkdə davam edir. Böhranın ağırlığı xalq kütlələrinin üzərindədir. Bilirsiniz, biz xalqın içərisindəyik, biz regionlarla əlaqə saxlayırıq, gedirik-gəlirik, insanların vəziyyəti son dərəcə ağırdır. Bu günləri Azərbaycan hakimiyyətinin ümdə vəzifəsi əlavə struktur yaratmaq, birinci vitse-prezident və ya vitse-prezidentlər institutu yaratmaq deyil, xalqı bu böhrandan çıxarmaq olmalıdır. Ona görə də bundan əvvəlki sualda dediyiniz kimi o islahatlar məsələsindən tamamailə əl çəkmək lazımdır. Yəni, bu hakimiyyətdən islahat gözləməyin mənası yoxdur. Bu repressiya hakimiyyətidir, bu polis hakimiyyətidir və Əliyev 2013-cü ildə hakimiyyəti nə formada anti-konstitusion yolla mənimsəmişdirsə, həmin anti-konstitusion yolla da mənimsədiyi hakimiyyəti istədiyi istiqamətə yönəldir.
Amerikanın Səsi: Azərbaycanda baş verənlərin ictimai-siyasi və sosial mühitə təsirləri nə ola bilər? Beynəlxalq reaksiyalar necə, Milli Şuranı qane edirmi?
Cəmil Həsənli: Beynəlxalq həyata gəldikdə, indi beynəlxalq münasibətlərin elə bir zamanıdır ki, heç kəs, heç kəsin üzərinə qoşun yeridib demir ki, sən bunu səhv elədin, bu beynəlxalq münasibətlərə ziddir, bunu etməməli idin və sairə. İndi münasibət sözlə, qərarlarla, qətnamələrlə bilinir. Hesab edirəm ki, beynəlxalq aləm əgər, bunları deyirsə, sivil dövlətdə, hüquqi dövlətdə, sosial dövlətdə bunlar nəzərə alınır. Əgər, Azərbaycan hakimiyyəti bunları nəzərə almırsa, dediyim istilalardan uzaqdır.
Qeyd: Azərbaycan iqtidarı bir qayda olaraq ölkədə hakimiyyətin seçkilər yolu ilə xalq tərəfindən formalaşdırıldığını bəyan edir. Rəsmi Bakı həmçinin insanların qanun qarşısında bərabər olduğunu və qanunvericiliyin tələblərinə əməl edildiyini bildirir.