Bir qrup naməlum şəxs vəkil, hüquq müdafiəçisi, D18 Hərəkatının idarə heyətin üzvü Samirə Ağayevaya hədə-qorxu gəlib. Hadisə axşam fevralın 24-dü axşam saatlarında S.Ağayevanın evinin yaxınlığında baş verib.
Bu barədə o özü məlumat verib.
Onun sözlərinə görə, içərisində 2 nəfərin olduğu avtomobil onu avtobus dayanacağından evə qədər izləyib. Blokun qabağında yüksək sürətlə S.Ağayevanın üstünə sürməyə cəhd edib. S.Ağayeva blok tərəfə keçib və maşın arxaya sürüb.
“Qaranlıq olduğu üçün maşının nömrəsini görə bilmədim. Yuxarı qalxdım, balkondan baxdım. Maşın 5 dəqiqə gözlədi və getdi”, - S. Ağayeva bildirib.
Hüquq müdafiəçisi baş verənləri onu qorxutmaq cəhdi kimi qiymətləndirib.
O, Amerikanın Səsinin müxbirilə söhbətində bildirib ki, bu, çox güman, onun hüquq-müdafiə və siyasi fəaliyyəti (S.Ağayeva D18 Hərəkatının sədr müavinidir), məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə etməsilə bağlıdır.
Hüquq müdafiəçisi polisə müraciət edib-etməyəcəyi barədə sualın cavabında deyib ki, avtomobilin nömrəsini görməyib, yaşadığı evin həyətində isə müşahidə kamerası yoxdur.
Hüquq mühafizə qurumları vəkilin açıqlamasını şərh etməyiblər.