Milli Məclis büdcə müzakirələrini davam etdirir [Video]

Deputatlar hökumətin fəaliyyətini tənqid edir

Dekabrın 7-da Milli Məclisdə (MM) Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin müzakirəsi davam edir. Müzakirələr hökumətin kəskin tənqidi fonunda davam edib.

Deputat Yevda Abramov Tarif Şurasının qiymətlərin artırılması ilə bağlı son qərarını tənqid edib.

“Tarif Şurası qərar qəbul edərkən hansı arqumentləri əsas götürür? Deyirlər, bu qərar aztəminatlı ailələrə təsir etməyəcək, mən buna inanmıram. Azərbaycanda əhalinin yoxsulluq səviyyəsi yüksəkdir, ona görə də elektrikdən, təbii qazdan az istifadə edirlər. Belə bir vaxtda xalqın boğazından tutub çətinliyə sürükləmək doğru deyil. Bilmirəm, məmurlar, bəzi insanlar qərar qəbul edəndə xalqı düşünürlərmi?” deputat sual edib.

Y.Abramov dolların “qara bazar”a yol tapmasına da münasibət bildirib.

“Metro stansiyalarının çıxışlarında dollar satılır. Bir gündə dollar 4-5 manat fərqlə satılır. Haradandır bu adamların maşınlarında bu qədər dollar? Mən danışıram, bəziləri incik düşür. Korrupsiya ilə mübarizə aparmaq lazımdır. Məmurların bahalı villaları haradandır? Dağda, bağda hər yerdə villaları var. 2017-ci il də çətin olacaq, məmurlar xalqa yaxın olmalıdırlar, o qeyd edib.

Deputat Elmira Axundova “valyutadəyişmə məntəqələri”nin yenidən bərpa olunmasını təklif edir.

“Qara bazar” tüğyan edir. Günlərlə valyuta dəyişmək istəyirik, amma tapa bilmirik. “Qara bazar”da nə qədər istəyirsən tapa bilərsən. Ona görə də təklif edirəm ki, valyutadəyişmə məntəqələri bərpa edilsin. Ümumiyyətlə, başa düşə bilmirəm ki, bu valyutadəyişmə məntəqələri niyə qapadıldı? Axı, bununla həm peşəkarlar prosesdən kənarda qaldı, həm də işsizlik yarandı”, Axundova deyib.

Deputat Musa Quliyev hökumətdən ünvanlı sosial yardımın dayandırılmasını vacib hesab edir. Onun fikrincə, aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək üçün onlara verilən maliyyə vəsatini dayandırılaraq, əvəzində pensiyalara, uşaq pullarına və digər müavinətlərə əlavələr edilməsi daha effektli olar.

“Nə qədər çalışılsa da, burada şəffaflığı təmin etmək mümkün olmur və xoşagəlməz hallar baş alıb gedir. Nazir Səlim Müslümov bu sahədə nə qədər səy göstərsə də, effektiv nəticə əldə olunmur. Odur ki, bu məsələyə baxmaq lazımdır”, o qeyd edib.

Deputat Siyavuş Novruzov Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarının bağlanması ilə bağlı fikirlərə etiraz edib.

“Deyək ki, ölkəmizdə böhrandır? Məsələn, biz bu günlərdən prezident seçkiləri ilə bağlı Özbəkistanda olduq. Bu ölkədəki səfirlikdə hərbi attaşe ixtisar edilir. Özbəkistan tərəfi anlaya bilmir ki, niyə hərbi attaşe ləğv olunur? İzah etmək çətindir. Bunu ilk olaraq Müdafiə Nazirliyi düşünüb, ölçüb-biçməlidir ki, harada, hansı vəzifəni ixtisar edir. Onu da qeyd edim ki, Özbəkistan o ölkələrdəndir ki, Qarabağ məsələsinə görə Ermənistanda səfirlik açmayıb. Azərbaycanı hər zaman müdafiə edir”.

S. Novruzov hesab edir ki, struktur islahatları nətcəsində əldə edilən qənaət hesabına xarici ölkələrdəki diplomatik korpuslar saxlanmalıdır.

“Biz struktur islahatları hesabına bu sahəyə vəsait yönəldə bilərik. Necə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və digrə nazirliklərin birləşməsi büdcəyə nə qədər vəsaitə qənaət etdi. Dövlət aparatlarında aparılan ixtisarlar hesabına həm büdcəyə qənaət etmiş olarıq, həm də ki, xaricdə Azərbaycanın təbliğini təşkil etdirə bilərik”.

O, struktur islahatlarının dərinləşməsini vacib sayır.

“Eyni adlı institutlar, kafedralar ixtisar və ləğv edilməlidir. Mən islahat deyəndə müəllimlərin ixtisarını nəzərdə tutmuram”.

Deputat müəssisələrdə ixtisar olan zaman Qarabağ müharibəsi əlili, veteranı, şəhid ailəsinin üzvü ən sonda ixtisar edilməsinin qanunvericilikdə nəzərdə tutulduğunu bildirib.

“Amma hər şey əksinədir. İlk ixtisar olunanlar elə bu katerqoriyaya məxsus insanlar olur”, o, narazılığını bildirib.

Müzakirələr davam etdirilir.