"Milli Təhlükəsizlik Nazirliyi (MTN) işi" ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılan şəxslərin həbs müddəti növbəti dəfə uzadılıb.
APA agentliyinin məlumatına görə, ləğv edilmiş MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və digərləri barəsində həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.
Faktlar üzrə 21 şəxs Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. İstintaq 57 nəfəri zərərçəkmiş şəxs qismində tanıyıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu iddia edilir.
MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, nazirliyin əməkdaşları - Səlim Məmmədov, Orxan Osmanov və Akif Əliyevin cinayət işi digərlərinin cinayət işindən ayrılaraq, ayrıca icraata verilib. Hazırda Bakı Hərbi Məhkəməsində həmin şəxslərin məhkəməsi gedir.