Akif Çovdarov müddətsiz aclığa başlayıb

Akif Çovdarov

Həbsdə olan keçmiş MTN generalı kəskin ürək ağrılarından əziyyət çəkir

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov oktyabrın 25-dən müddətsiz aclıq aksiyasına başlayıb.

Bu barədə Amerikanın Səsinə vəkil Kamandar Nəsibov bildirib.

Vəkilin sözlərinə görə, aclıq aksiyasının səbəbi Akif Çovdarovun müalicəsinə imkan verilməməsidir.

Akif Çovdarovun ürəyində 2006-cı ildə Almaniyanın “Deustsches Herzzentrum Berlin” Klinikasında şuntlama əməliyyatı keçirilib. Bundan başqa Akif Çovdarov xərçəng xəstəliyi ilə bağlı 2011-ci ilin fevralında Almaniyanın “Vivantes” Klinikasına müraciət edib və üzərində cərrahiyyə əməliyyatı keçirilib. Həmin ilin mayında Almaniyanın “Vivantes” Klinikasında Akif Çovdarovun üzərində keçirlən digər cərrahiyyə əməliyyatı nəticəsində mədəsi və bütün limfa vəziləri amputasiya olunub.

Akif Çovdarov 15 noyabr 2015-ci ildə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə də cinayət işi açılıb.

“A. Çovdarov bu gün səhər saat 9-dan müddətsiz aclıq aksiyasına başlayıb. 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Akif Çovdarov oktyabrın 22-də həkim kardioloq Natəvan Qurbanova tərəfindən müayinə edilib. Həkim onun sağlam olması haqqında rəy verib. Akif Çovdarov ondan yazdığı rəyin xəstəlik kitabçasına yazılmasını istəyib və dərmanların ona heç bir təsir etmədiyini deyib. Həkim isə buna icazəsinin olmadığını bildirib. Akif Çovdarov da buna etiraz edib və aclıq aksiyasına başlayıb”, Kamandar Nəsibov qeyd edib.

Vəkilin sözlərinə görə, oktyabrın 22-də Çovdarovun ürəyində kəskin dözülməz ağrılar başlanmasına baxmayaraq, nə təcili tibbi yardım çağırılıb, nə də ağrıkəsicilər verilib. Eyni zamanda, ağrıkəsici dərmanların alınması üçün ona ailə üzvlərinə zəng etməyə imkan verilməyib. İndi Çovdarov müddətsiz aclığa başlayıb. Deyir ki, tibbi yardım göstərilməsə, ağrıkəsici dərmanlar verilməsə onsuz da kəskin dözülməz ürək ağrıları və ağır xəstəlik məni öldürəcək. Belə ölməkdənsə, aclıq edib ölmək daha şərəflidir”, vəkil qeyd edib.

K. Nəsibov qeyd edib ki, A.Çovdarovun cinayət işi 56 cilddir və iş üzrə 26 epizod var.

İş üzrə 60 nəfər zərərçəkmiş kimi tanınıb, 2 nəfər isə zərərçəkmiş şəxsin hüquqi varisidir.

K. Nəsibovun sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin iş üzrə qaldırdığı mülki iddia 2 milyon 917 min 300 manatdır.

“Dövlət Təhlükəsizliyi Xidmətinin həmin iddia tələbləri tamamilə əsassız və qanunsuzdur. Agentlərin pulunu mənimsəməsi ilə bağlı irəli sürülən bu ittiham yalnız Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş ittihamdır. Çünki Çovdarov həmin pulların hansı şəraitdə, hansı ölkələrdə, hansı əməliyyatlara və pulların kimlərə verilməsini açıqlasa dövlət sirri pozulmuş olar və Azərbaycanın təhlükəsizliyinə böyük xələl gətirər”, vəkil bildirib.