Müxalifət qurumlarının referendumla bağlı ilkin rəyi tənqididir

Milli Şura referenduma etiraz edir

MSK ciddi qanun pozuntusunun qeydə alınmadığını bildirir

Müxalifət liderləri referendumla bağlı ilkin rəylərini bildirib. Onlar sərt tənqidi mövqedədirlər.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirir ki, Azərbaycanda sovet dövrünün ümumxalq səsverməsi (referendum) elə o vaxtdan qalan qaydalarla da start götürüb.

“Yenə də xalqın əksəriyyətinin iştirakı olmadan inzibati resurslar hesabına seçki keçirilir. Seçiciyə təqdim olunan Konstitusiyada 29 adda əlavə və dəyişiklikdən ibarət olan, hətta orta səviyyəli hüquqşünaslar üçün də anlaşılması çətin olan təkliflər paketini hüquqi təhsili olmayan sadə azərbaycanlı necə qavrayıb, düzgün səs verə bilər?! Görəsən, Konstitusiyaya təklif olunan dəyişikliklər paketinə, onları dərk etmədən səs verənlər həmin dəyişikliklərin yaradacağı fəsadları təsəvvür edə bilirlərmi? Onlar başa düşürlərmi verdikləri səslər mülkiyyət hüquqlarının məhudlaşdırılması, insan azadlıq və hüquqlarının böğulması, hakimiyyətin tək əldə cəmlənməsi, onun qolları arasında tarazlığın pozulması, onun seçki yolu ilə dəyişdirilməsi imkanlarının azalması üçün ali hüquqi əsaslar yaradır?” o facebook səhifəsində yazır.

Azərbaycan xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli yazır ki, xalq referendumu hamılıqla boykot edir.

“Seçki məntəqələrində tam bir sükunətdir. Seçici aktivliyinin heç görüntüsünü də yarada bilməyiblər. Neft pullarının azalması ilə paralel hakimiyyətin xalqı səfərbər etmək gücü də azalıb. Xalqımızın bu hakimiyyətə heç bir real dəstəyi yoxdur. İstəyirlər, ümumiyyətlə seçkiləri rəsmən ləğv edib, özlərini ömürlük hakimiyyət elan etsinlər, xeyri yoxdur. Rejim əvvəlki qaydada idarə edə, xalq da əvvəlki qaydada yaşaya bilmir. Köklü dəyişiklik uzaqda deyil!” Kərimli facebook səhifəsində yazır.

Milli Şuranın sədri Cəmil Həsənli abzas.net saytına bildirib ki, Azərbaycan xalqı kütləvi şəkildə referenduma getməkdən imtina edib.

“Mərkəzi Seçki Komissiyasının (MSK) seçicilərin iştirak sayı ilə bağlı elan etdiyi rəqəmlər saxtadır. Səsvermədə iştirak edənlər də məntəqələrin yerləşdiyi məktəblərin və büdcə təşkilatlarının işçiləridir. Onlara referendum günü işdə olmaq və səsvermə görüntüsü yaratmaq göstərişi verilib. İndicə yanımdan bir karusel dəstəsi keçirdi, bir məntəqədən o birinə gedirdilər. Onların arasında iki qadın söhbət edirdi. Biri o birinə tövsiyə edirdi ki, “adam gərək düz danışsın”, o qeyd edib.

Həsənli deyib ki, hökumət Milli Şuranın müşahidəçilərinin səsvermənin gedişini izləməklə bağlı müraciətlərinə rədd cavabı verib.

“Müxalif qüvvələrin müşahidə aparmasına imkan yaradılmadı, kütləvi imtina cavabı verildi. Zatən günün sonuna əvvəldən hazırladıqları rəqəmləri elan edəcəklər. Onunla bağlı ilkin təsəvvürlər də mövcuddur. Hakimiyyət bir əldəqayırma fransız, bir də mənşəyi bəlli olmayan Amerika şirkətiylə rəy sorğusu keçirmələri üçün müqavilə imzalamışdı. Onlar saxta rəy sorğusu keçirib, biri 86, digəri 92 faiz seçicinin səsvermədə iştirak edəcəyini açıqlayıb. Günün sonunda da təxminən buna bənzər rəqəm elan ediləcək və referendumun baş tutduğunu deyəcəklər” Milli Şuranın sədri bildirib.

Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası ciddi qanun pozuntularının qeydə alınmadığını bildirib. MSK sədri Məzahir Pənahov səsvermənin yüksək səviyyədə təşkil edildiyini deyib.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının saat 17-yə olan məlumatına görə, 5 milyon 267 min 111 seçicidən 3 348 535 nəfəri (63,6 %) səsvermədə iştirak edib.