Avqustun 29-da vəkil Əsabəli Mustafayev Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiasının (AXCP) Gənclər Komitəsinin üzvü Fuad Əhmədli ilə görüşüb.
Fuad Əhmədli avqustun 18-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb.
Baş Prokurorluq və DTX-nın birgə məlumatında deyilir ki, “Azerfon” MMC-də “Zənglər mərkəzi”ndə operator vəzifəsində işləyən Fuad Əhmədli abunəçilərə aid fərdi məlumatları, o cümlədən zəng tarixçələrindən çıxarışları, antenalar üzrə olduqları yerləri. qapalı məlumatları çıxarıb, müəyyən adamlara ötürüb. F.Əhmədli həmçinin Fətullah Gülən şəbəkəsilə əlaqəli şəxs kimi təqdim olunub, yaşadığı evdən Gülənə aid vərəqələrin tapıldığı iddia olunub.
Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə müsahibəsində bildirib ki, Fuad Əhmədli özünü qətiyyən təqsirli bilmir və ittihamların da heç birini qəbul etmir.
“O hətta onunla guya əlaqədə olduğu iddia edilən adamların heç birini tanımır”.
Əsabəli Mustafayev deyir ki, Gülən şəbəkəsilə əlaqə ittihamını F.Əhmədli gülüşlə qarşılayır.
Your browser doesn’t support HTML5
“Deyir ki, bu ittiham tamamilə cəfəngiyyatdır. Gizli məlumatların ötürülməsi ittihamı ilə də qətiyyən razılaşmır, bildirir ki, kimsəyə məxfi informasiyalar ötürməyib”.
Vəkilin sözlərinə görə, Fuad Əhmədli həbs olunarkən və ondan sonra ona qarşı zorakılığa yol verilmədiyini bildirib.
“Bununla belə, həbsdə onun səhhətində kəskin problemlər yaranıb. Həbsdən əvvəl dəfələrlə cərrahiyyə əməliyyatı keçirən gənc fəalın vəziyyəti iki gün əvvəl kəskin pisləşib. Onun ciyərində problem var. Vəziyyət o həddə çatıb ki, Mərkəzi Klinik Xəsətaxanadan DTX-nın istintaq təcridxanasına həkim çağırılıb, ona tibbi yardım göstərilib. Müalicəsi hazırda da davam edir. Ona qarşı davranışdan şikayəti olmasa da, Kürdəxanı təcridxanasına köçürülməsini istəyir. Çünki burada saxlanıldığı kamera darısqaldır, havasızlıq problemi var”.
Vəkil Fuad Əhmədli barədə həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət verəcəyini deyib.