İyunun 30-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan 18 iş üzrə qərarlarını elan edib.
Bu barədə vəkil Əsabəli Mustafayev bildirib. Həmin işlərdən 13-nü vəkil Ə.Mustafayev aparır.
Onun müdafiə etdiyi şəxslər etiraz aksiyalarında iştiraka görə inzibati həbsə məruz qalanlardır.
AİHM əsasən müxalifətçilərin, - Məmməd İbrahim, Əbülfəz Qurbanlı, Rüfət Hacıbəyli, Elşad Budaqov, Orxan Carçıyev, Vaqif Xalıqov, Hafiz Fərhadi, Elçin Cərullayev, İnqilab Kərimov, Şakir Abbasov, Zülfüqar Eyvazov, Təzəxan Mirələmli və Bəhruz Həsənov şikayətini təmin edib.
Məhkəmə Konvensiyanın 5 (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6 (ədalətli araşdırma hüququ), 7 (qanunsuz cəzalandırmamaq) və 11-ci (sərbəst toplaşma azadlığı) maddələrinin pozuntusunu tanıyıb.
Kompensasiya hamiya eynidir, ümumi məbləq 165 000 avro təşkil edir.
Ə.Mustafayevin sözlərinə görə, ilin əvvəlindən Azərbaycandan oxşar işlər üzrə 20 qərar qəbul edilib. Onun 15-ni Ə.Mustafayev aparıb.
“İlin əvvəlindən oxşar işlərin sayı 20-yə çatıb. Bu fakt artıq sistem nöqsanının və inzibati praktikanın göstəricisidir. Hakimiyyət nümayəndələri “bizdə məhkəmələr müstəqildir, bizdə bütün hüquqlar təmin olunub” ifadəsini işlətməmişdən qabaq bu qərarları oxumaqları məsləhətdir”, - vəkil vurğulayıb.
Bu gün AİHM seçkilər zamanı pozuntulara dair digər şikayətlər üzrə də qərarını elan edib. Müxalifətçilər Nurəddin Məmmədli, Dünyaxanım Cərullayeva, İltizam Əkbərli və Nobatəli Pələngovun şikayətləri təmin edib.
Hər şikayətçiyə 10 000 avro və ümumilikdə hüquqi yardım üçün 4 000 avro veriləcək.
Bundan əlavə, AİHM mülkiyyət hüququnun pozuntusu ilə bağlı Rüstəm Dəmirovun işi üzrə qərarını elan edib (nümayəndə vəkil Şəfa Camalzadə). Kompensasiyanın məbləqi 20 900 avrodur.