Gənc fəalların apellyasiya şikayətləri təmin edilməyib [Video]

Your browser doesn’t support HTML5

Vəkillər Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayacaqlar

Bu gün Bakı Apellyasiya Məhkəməsində gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun dörd aylıq həbslə bağlı verdikləri şikayətlərə baxılıb.

Hər iki gənc onlara qarşı irəli sürülmüş qanunsuz narkotik dövriyyəsi ittihamını təkzib edirlər və həbslərinin əsl səbəbinin Heydər Əliyevin abidəsindəki qraffiti olduğunu bildirirlər.

Bayram Məmmədovun şikayətinə Qədim Babayevin sədrlik etdiyi hakim heyəti baxıb. Prosesdə Məmmədov deyib ki, mayın 10-da saxlanıldıqdan sonra 12-ci polis bölməsində, paytaxt polis idarəsində və Nərimanov rayon polis idarəsinin müvəqqəti saxlama təcridxanasında işgəncələrə məruz qalıb. O, bu faktların araşdırılmasını xahiş edib.

Buna cavabda hakim şikayəti Xətai rayon məhkəməsinin araşdıracağını bildirib.

Lakin vəkil Namazlı bildirib ki, araşdırma gecikdirilir və onun bədənindəki travmalar yaxın günlərdə yox olacaq.

Vəkil həmçinin həbsin əsassız olduğunu qeyd edib, belə ki, istintaq onun təqsirinin sübutunu təqdim etməyib. Dəlillər yalnız polislərin özləri tərəfindən tərtib edilmiş protokollar və hal şahidlərinin ifadələridir.

“Təqsirləndirilənlərin hər birində 1 kq heroin aşkar edilməsi haqqında ittihama gəlincə, bu, böyük şübhə doğurur, belə ki, belə böyük narkotik partiyasının qiyməti çox bahadır ki, adi tələbələrdə bu qədər pul ola bilməz.

Onlar Heydər Əliyevin abidəsində qraffitinin ortaya çıxmasından bir neçə saat sonra həbs olunublar, həm də gəncləri, demək olar ki, eyni vaxtda saxlayıblar. Bütün bunlar narkotik ittihamının uydurma olduğunu göstərir”, deyə vəkil bildirib. Bununla belə, məhkəmə şikayəti təmin etməyib.

Namazlının sözlərinə görə, istintaq təcridxanasında BMT-nin əsassız həbslər üzrə işçi qrupunun ekspertləri onun müvəkkilinə baş çəkiblər, onlar işgəncə izlərini qeydə alıblar. Namazlı özü də Məmmədovun qolunda qançırlar görüb.

Ombudsmanın fəallarda travma olmaması haqqında bəyanatına gəlincə, vəkil bildirib ki, ombudsman nümayəndələri fəalların bədənində qançır olmayan yerlərin fotoşəkillərini çəkiblər.

Vəkil müdafiəçilərin zorakılıq izlərini çəkə bilmək üçün istintaq təcridxanasına və məhkəməyə telefonla buraxılmamasından təəssüfünü bildirib.

Öz növbəsində, İbrahimovun işi üzrə apellyasiya məhkəməsində iştirak edən vəkil Elçin Sadıqov deyib:

“Ombudsman nümayəndələrinin gəncin əlindəki irinli yaranı çəkməsi kifayət edərdi”.

Hər iki gəncin şikayəti təmin edilməyib. Vəkillər Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayacaqlar.

Fəallara dəstək ifadə etmək üçün 50-dən çox gənc məhkəmə binasının qarşısına gəlib. Oraya əlavə polis dəstələri də cəlb olunub. Amma proses insidentsiz ötüşüb