Rusiya Federasiyasının XİN rəhbəri Sergey Lavrov ABŞ və Fransa xarici işlər idarələrinin rəhbərləri Con Kerri və Jan-Mark Eyro ilə birlikdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın mayın 16-da Vyanada keçiriləcək görüşündə iştirak etmək niyyətindədir.
Bu barədə cümə axşamı RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Gələn həftə Vyanada Ermənistan və Azərbaycan prezidentlərinin görüşü planlaşdırılır. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin – Rusiya, ABŞ və Fransanın xarici işlər nazirlərinin də iştirakı planlaşdırılır”, deyə o bildirib.
Zaxarova qeyd edib ki, söhbət məhz planlardan gedir. “Dəqiq razılaşma əldə olunduqda və vaxt müəyyən edildikdə biz məlumat verəcəyik”, deyə o bildirib. RF XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, Rusiya görüşün regionda vəziyyətin yaxşılaşdırılmasına şərait yaradacağına ümid edir.
Qeyd edək ki, rəsmi Bakı və Yerevan bu məlumatı təsdiq etməyiblər.