“Mən inanıram ki, Azərbaycan dönüş mərhələsindədir və bu, ölkənin Avropa və Avropa Şurası ilə münasibətlərini yaxşılaşdırmasına imkan verəcək”, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Azərbaycana ikigünlük səfərinin (29 fevral-1 mart) yekunları ilə bağlı bildirib.
Pedro Aqramuntun Avropa Şurasının saytında yerləşdirilən bəyanatda deyilir:
“Mənim yüksək səviyyədə apardığım danışıqlarda üzləşdiyim bəzi çağırışlar Azərbaycanda dəyişiklikləri hiss etməyə imkan verdi”, Aqramunt prezident İlham Əliyev, parlamentin spikeri və xarici işlər naziri ilə görüşlərinin yekunlarını şərh edib.
“Bu dəyişikliklər energetika və insan hüquqları məsələlərindən daha genişdir, maliyyə böhranı, qanunun aliliyinin və şəffaflığın təmin edilməsilə xarici investorların cəlb olunmasının vacibliyini əhatə edir. Və bütün bunlar Azərbaycanın düşdüyü həssas geosiyası vəziyyətdə baş verir”, o qeyd edib.
“Mən yüksək vəzifəli həmsöhbətlərimlə qanunun aliliyi və insan hüquqları mövzusunda səmimi və açıq müzakirələrdən ruhlandım. Bu məsələləri yerli jurnalistlər, QHT təmsilçiləri, hüquqşünaslar və bəzi səfirlərlə görüşlərimdə də qaldırdım.
Yerli vətəndaş cəmiyyətinin üzləşdiyi problemləri, QHT-lər haqqında qanunverici məhdudiyyətləri açıq müzakirə etmək imkanlarım oldu. Həmçinin son parlament seçkiləri, Bakının Avropa Şurası Venesiya Komissiyası ilə daha sıx əməkdaşlığa zərurətin olması, onun tövsiyələrini qəbul etməsilə bağlı məsələlər qaldırdlm.
“Təəccüblü deyil ki, hər görüşdə qaldırılan əsas məsələlərdən biri Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tətbiqi və icrasının vacibliyinə dair məsələ idi.
Bunlar əsasən həbsdə olan şəxslər, xüsusilə İlqar Məmmədovla bağlı məsələlərdir. Səfərim zamanı həbsxanada onunla görüşdüm. Apardığım söhbətlərdən belə məlum olur ki, bu, çox həssas mövzudur, ancaq o da məlumdur ki, bu məsələnin həlli fərdi qaydada olmamalıdır, bütün hüquqi prosesə şamil edilməlidir.
Bununla əlaqədar mənə bildiriblər ki, Azərbaycan hakimiyyəti Avropa İnsan Hüquqları Konvensiyasının səmərəli tətbiqi üçün Avropa Şurasının baş katibi ilə 52-ci maddə çərçivəsində əməkdaşlıq edəcək və AŞ baş katibinin səlahiyyətli nümayəndə heyəti görüş təyin ediləcək. Bütün bunlar yaxşı başlanğıcdır və mən ümid edirəm ki, bu, tezliklə irəliləməyə imkan verəcək”, Aqramunt vurğulayıb.
Sonda AŞPA prezidenti qeyd edib ki, Azərbaycan dalana dirənmiş Qarabağ münaqişəsinin nəticələri ilə üzləşib.
“İşğalda olan Dağlıq Qarabağ və digər regionlarla bağlı məsələnin həlli yolu tapılmalıdır. Bu münaqişə təkcə Azərbaycan və Ermənistanda sabitliyi pozmur, həm də iqtisadiyyata və cəmiyyətə ziyan vurur, bu ölkələrin demokratiya, insan hüquqları, qanunun aliliyi sahəsində inkişafına mənfi təsir göstərir”, bəyanatda deyilir.