Novruz Məmmədov: ABŞ ilə, Avropa ölkələri ilə uğurlu əməkdaşlıq edən əsas dövlətlərdən biri Azərbaycandır

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov

ABŞ-Azərbaycan münasibətləri həmişə öz əhəmiyyətini saxlamağa qadirdir. Bu barədə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yerli mediaya bildirib.

N. Məmmədov qeyd edib ki, prezident İlham Əliyev və ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kupçan arasında görüş çox konstruktiv, qarşılıqlı anlaşma əsasında keçib.

“Bu görüşün əhatə dairəsi də geniş oldu. ABŞ və Azərbaycan arasında qurulmuş əməkdaşlıq əlaqələri barədə geniş fikir mübadiləsi aparıldı. Azərbaycan və ABŞ arasında enerji sahəsində geniş əməkdaşlıq əlaqələri qurulub, bu gün yüksək səviyyədədir. ABŞ-la terrorizmə qarşı mübarizə sahəsində də çox uğurlu əməkdaşlıq edilib. Müxtəlif ölkələrdə sülhyaratma missiyalarında iştirak etmişik, bu gün Əfqanıstanda bu missiya davam edir. ABŞ-ın rəhbərlik etdiyi koalisiyalara Azərbaycan böyük töhfə verib”.

Onun sözlərinə görə, ABŞ ilə Azərbaycan arasında münasibətlər Azərbaycanın müstəqillik illərində o qədər zəngin və hərtərəfli inkişaf yolu keçib ki, müxtəlif məqamlarda müəyyən proseslər olsa belə, bu münasibətlər həmişə öz xarakterini və əhəmiyyətini saxlamağa qadirdir.

"Bunu da təbii hesab edirəm. Çünki bu münasibətlər hansısa təsadüfi, ötəri maraqlar üzərində qurulmayıb. Postsovet məkanında ABŞ ilə, Avropa ölkələri ilə hərtərəfli və uğurlu əməkdaşlıq edən əsas dövlətlərdən biri elə Azərbaycandır", o qeyd edib.

Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, Azərbaycan prezidentlərinin - həm bu əməkdaşlığın, bu münasibətlərin əsasını və təməl prinsiplərini qoyan ümummilli lider Heydər Əliyevin, həm də prezident İlham Əliyevin Azərbaycanın milli dövlətçiliyinin, milli maraqlarının daha da möhkəmlənməsi və inkişafı, onların qorunması üzərində qurduğu bu münasibətlər bu gün də davam edir. Ölkənin maraqları, milli və dövlətçilik maraqları üzərində inkişaf edən hər hansı bir əməkdaşlıq əlaqələrində müəyyən problemlər ola bilər. Belə ki, 2016-cı ildə dövlətlərin öz maraqları uğrunda fəaliyyəti gərgin xarakter alıb.

“Azərbaycanla ABŞ arasında enerji sahəsində çox uğurlu, zəngin tarixi olan, böyük layihələr həyata keçirməyə qadir olan əməkdaşlıq əlaqələri qurulub, inkişaf etdirilib və bu gün çox yüksək səviyyəyə gəlib çatıb. ABŞ ilə digər sahələrdə, terrorizmə qarşı mübarizə sahəsində Azərbaycan çox uğurla əməkdaşlıq edib. Bu əməkdaşlığı Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əsasda uğurla həyata keçirir. Azərbaycan müxtəlif ölkələrdə sülhyaratma missiyalarında iştirak edir, elə ilk vaxtlardan Kosovada, İraqda, Əfqanıstanda və bununla əlaqəli olan məsələlərdə həmişə fəal olub”.

Onun sözlərinə görə, Azərbaycan NATO çərçivəsində Alyansın apardığı sülhməramlı əməliyyatlarda, yəni ABŞ-ın rəhbrəlik etdiyi beynəlxalq koalisiyanın gördüyü işlərdə də çox uğurlu fəaliyyət göstərib, öz töhfəsini verib.

"Bundan sonra digər sahələrdə - iqtisadiyyat, ticarət sahəsində, müəyyən mənada enerji siyasətinin həm region, həm də daha geniş coğrafiya üçün əhəmiyyətli olmasında ABŞ-ın dəstəyi olub. Bilirsiniz ki, ilk "Əsrin müqaviləsi"nin imzalanmasından tutmuş sonrakı proseslərə ABŞ-ın dəstəyi olub".

PA rəsmisi vurğulayıb ki, xarici siyasət kursunun əsas canı, mahiyyəti Azərbaycanın dövlətçiliyinin, milli maraqlarının qorunması, onun möhkəmləndirilməsi, inkişaf etməsidir.

"Mən sizə bununla bağlı başqa bir nümunə gətirə bilərəm. Tutaq ki, dünyada Amerika Birləşmiş Ştatları ilə İsrail ən yaxın tərəfdaşdır. Amma yəqin ki, müşahidə aparırsınız: hərdən onlar arasında da müəyyən problemlər yaranır. Bizim də münasibətlərimizin xarakteri o dərəcədədir ki, biz də bəzən öz haqlı mövqeyimizi qoruyub axıra qədər müdafiə etməyə qadirik. Bu da çox vacibdir".

Prezidenti Administrasiyası rəhbərinin müavininin fikrincə, Azərbaycan və Ermənistan prezidentlərinin həmsədrlərlə birgə son görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətdə irəliyə addım atmağa imkan verməyib..

“Bu məsələ ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev ilin yekunları üzrə müşavirədə konkret mövqeyini bildirdi. Çox təəssüflər olsun ki, hələlik bu istiqamətdə irəliyə müəyyən bir addımın atılmasını müşahidə etmirik. Düzdür, həmsədrlər göstərmək istəyirlər ki, onlar çalışırlar. Amma onların atdığı addımlar, prezidentlərlə həmsədrlərin birlikdə son görüşü də bu istiqamətdə irəliyə addım atmağa imkan vermədi. Çox təəssüflər olsun ki, həmsədrlər irəliyə addım atmaq üçün əllərindən gələni etdiklərini nə qədər çalışıb göstərmək istəsələr də, bu, kifayət deyil və əslində onların atdığı addımların müəyyən bir nəticə verməsi üçün yəqin ki, hansısa komponentlər çatmır.

PA rəsmisinin sözlərinə görə, digər tərəfdən, Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı konkret addımlar atmaq, konstruktiv mövqeyə gəlmək istəmir.

"Əslində bu onlara bizdən daha çox lazımdır. Onlar düşünməlidirlər ki, bu cür vəziyyətdə qalmaq mümkün deyil. Biz də, beynəlxalq ictimaiyyət də çox yaxşı başa düşür ki, Ermənistan rəhbərliyi bu gün öz maraqlarına bütün bu prosesləri qurban verirlər".

N.Məmmədov əlavə edib ki, həmsədr ölkələrin rəhbərlərinin də bu məsələyə diqqəti çox da yaxşı deyil.

"Yəqin ki, ABŞ prezidenti Barak Obamanın ötən ilin hesabatı olaraq ölkəyə, millətə müraciətində belə bir cümlə var idi ki, biz dünyanın müxtəlif yerlərində olan qaynar nöqtələrə diqqət yetiririk. Onların da az qala siyahısını vermək istəyirlər. Mən gördüm ki, biz o siyahıda yoxuq. Yəni biz hələ çox aşağı hissədə dayanmışıq. Bu da onu göstərir ki, qaynar nöqtələrin sayı o qədər çoxdur ki, bizə növbə sanki gəlib çatmayıb. Bizim mövqeyimiz ondan ibarətdir ki, müstəqillik qazandığımız dövr dünyada elə bir dövr idi ki, o zaman lazımi, düzgün addımlar, dünyanın yeni sisteminin qurulması üçün qaydalar qoyulub bir qərar qəbul edilsəydi, indiki dünya bəlkə də bu cür olmazdı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bir neçə münaqişənin yaranmasına imkan verilməzdi".

O bildirib ki, ABŞ prezidenti Barak Obamanın Azərbaycan prezidentinə Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət məktubunda ABŞ-Azərbaycan əlaqələrinə yüksək qiymət verilib, münasibətlərin əhəmiyyəti vurğulanıb.

“Məktubda Azərbaycanın nüvə təhlükəsizliyinə verdiyi töhfə xüsusi qeyd olunub. ABŞ hesab edir ki, Azərbaycan bundan sonra da bu məsələyə töhfə verməkdə davam edəcək. Eyni zamanda məktubda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı fikirlər də əksini tapıb”.

O, qeyd edib ki, Azərbaycan ABŞ üçün həmişə mühüm, vacib və böyük əhəmiyyət daşıyan tərəfdaş olub.

“Azərbaycan elə regionda yerləşir ki, həmişə strateji əhəmiyyət daşıyan dövlət olaraq qalacaq”.

N.Məmmədov deyib ki, Azərbaycan prezidentinin Nüvə Təhlükəsizliyi Sammitində iştirak edib-etməyəcəyi barədə dəqiq söz deyə bilməz.

"Azərbaycan prezidenti əvvəllər, adətən, bu tədbirlərdə iştirak edib”.

Məmmədov konqresmen Kris Smitin Konqresə təqdim etdiyi "Azərbaycan demokratiya aktı" adlı qanun layihəsinin ABŞ-ın icra orqanları ilə heç bir əlaqəsinin olmadığını deyib.

“Hər kəs bacardığı qədər dövlətçiliyin, milli maraqların qorunması üçün əlindən gələni edir. Azərbaycanın xarici siyasət kursunun əsas məqsədi Azərbaycanın milli və dövlətçilik maraqlarının qorunmasıdır. Bu nöqteyi-nəzərdən, başqa qolun nümayəndəsi olduğum üçün o məsələyə qarışmaq istəmirəm. O məsələ hansısa bir konqresmenin mövqeyi olduğu üçün bizim ona uyğun qanunvericilik orqanının nümayəndəsi mövqeyini bildirib".

Onun sözlərinə görə, ABŞ-ın icra orqanlarında, yəni Ağ Ev, Dövlət Departamentində qeyd ediblər ki, onların bu məsələ ilə heç bir əlaqəsi yoxdur.