Hacı Şahin Nardaranlılara müraciət etdi

"Azərbaycanda din, məzgəb zəminində qarşıdurma olmayıb"

“Mən Nardaran əhalisinə demək istəyirəm ki, ayıq-sayıq olsunlar, hər hansı xarici dövlətin, xarici qüvvələrin təhriki ilə Azərbaycanda dini dövlətə qarşı qoymaq cəhdlərinə qətiyyətlə yox desinlər".

Bunu APA-ya açıqlamasında Nardaran hadisələrinə münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, "Məşhədi Dadaş" məscidində imam-camaatı Hacı Şahin Həsənli deyib.

O bildirib ki, din-dövlət münasibətlərinin möhkəm təməllər üzərində qurulması vacibdir, Azərbaycan isə nadir ölkələrdəndir ki, burada tarixən din, məzhəb zəminində qarşıdurma olmayıb: "Belə şəraitdə Azərbaycanda bu sabitliyi pozacaq hər hansı əməldən çəkinmək lazımdır. Kiminsə kimdənsə narazılığı varsa da, məsələlər mütləq qanun çərçivəsində həllini tapmalıdır".

QMİ-nin səlahiyyətlisi bildirib ki, hələ ki, Nardaranda tam olaraq nə baş verdiyini anlamaq olmur: "Əsas məsələ odur ki, Nardaranda baş verən hadisə zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açılıb, günahsız insanlar ölüb. Bunun kim tərəfindən və hansı məqsədlə edilməsindən asılı olmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silah qaldırılması yolverilməzdir və bununla bağlı birmənalı mövqe ortaya qoyulmalıdır".

Noyabrın 26-da Nardaranda silahlı insident baş verdiyi və bu zaman 4-ü mülki vətəndaş, 2-i polis olmaqla 6 nəfərin öldüyü bildirilir. 15-dək şəxsin saxlanıldığı haqda rəsmi məlumat yayılıb.