Xədicə İsmayılovanın şüşə kameradan mesajı: "263, 264-cü kameralarda yetkinlik yaşına çatmayanları karsa salıblar

Xədicə İsmayıl

Noyabrın 19-da Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın məhkəmə prosesi davam edib.

Jurnalist məhkəmə başlamamışdan əvvəl şüşə kameraya salınıb.

O "263, 264-cü kameralarda yetkinlik yaşına çatmayanları karsa salıblar. Qanunsuzdur" yazılmış kağız tutub. Bundan sonra məhkəmə mühafizəçiləri jurnalistin olduğu şüşə kameranın qarşısında dayanaraq onu görməyə imkan verməyiblər.

Hakim bildirib ki, jurnalistin vəkilləri 2 gün öncə məhkəməyə müraciət edərək Tiflisdə olduqlarından prosesə qatıla bilməyəcəklərini və təxirə salınmasını istəyiblər.

Jurnalist Xədicə İsmayılova vəkillərin çox əvvəllər məhkəmə katibinə prosesin təxirə salınması üçün müraciət etdiklərini bildirib.

Bundan sonra hakim prosesi noyabrın 25-dək təxirə salıb.

X. İsmayılova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 7,5 il müddətində azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan X.İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunur.

Jurnalist ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.


"Amnesty İnternational" Xədicə İsmayılovanı "vicdan məhbusu" elan edib. Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, Böyük Britaniya, Fransa Azərbaycanı jurnalisti azad etməyə çağırıb.