Müsavat Partiyası parlament seçkilərinin 4 ay sonraya təyin edilməsinə və bu müddətdə onların keçirilməsi üçün demokratik şəraitin yaradılmasına çağırıb. Əks halda Müsavat Partiyası seçkilərdən imtina etmək hüququnu özündə saxlayır. Bu barədə Müsavat Partiyasının bazar günü Yasamal rayonundakı “Məhsul” stadionunda keçirdiyi seçkiqabağı mitinqdə bəyan edilib.
Mitinqin keçirildiyi stadion 15 saylı Yasamal birinci seçki dairəsinin ərazisində yerləşir. Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bu dairədən namizədliyini irəli sürüb. Bununla əlaqədar aksiya həm də İ.Qəmbərin öz seçiciləri ilə görüşü idi.
Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edib ki, partiya seçkilərdə iştirak barədə qərar qəbul etməklə göstərdi ki, “antidemokratik rejimə qarşı mübarizədə hər zaman öndə gedir”.
Lakin onun fikrincə, “hakimiyyət növbəti dəfə seçkiləri saxtalaşdırmağa hazırlaşır”.
A.Hacılının sözlərinə görə, düzgün rəqabətdən çəkinən hakimiyyət seçkilərdə təşviqat üçün efir vaxtı belə ayırmayıb. Bu, Azərbaycanda prezident və parlament seçkiləri tarixində ilk hadisədir.
O qeyd edib ki, hazırki vəziyyətdə, ölkədə çox sayda siyasi məhbusun olduğu, demokratik seçki kampaniyası üçün hətta minimal şəraitin belə təmin edilmədiyi şəraitdə parlament seçkiləri təxirə salınmalıdır.
Onun fikrincə, 4 aydan sonra yeni seçkilər təyin edilməli və bu vaxta qədər seçki qanunvericiliyində islahatlar aparılmalıdır. Hakim siyasi qüvvə tərəfindən seçki komissiyalarına nəzarət aradan qaldırılmalı, bütün iştirakılar üçün bərabər imkanlar təmin edilməli, siyasi məhbuslar azad olunmalıdır.
A.Hacılı Müsavat Partiyasının 1 noyabr seçkilərində iştirakdan imtina etməsi məsələsinin də aktual olduğunu bildirib. Yekun qərar oktyabrın 28-də partiya rəhbər orqanlarının iclasında qəbul ediləcək.
Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər qeyd edib ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında qalmaqal rejimin sonunu yaxınlaşdırır.
“Milli Təhlükəsizlik Nazirliyinin hansı oyunlardan çıxdığı rəsmi şəkildə etiraf olunur. İlham Əliyev bilirdi ki, MTN özünün bilavasitə funksiyaları ilə məşğul olmaq əvəzinə xalqa qarşı fəaliyyət göstərir, demokratik düşərgəyə qarşı fəaliyyət göstərir. Amma indi elə danışırlar ki, guya indi bilirlər ki, bu nazirlik milli təhlükəsizliklə məşğul olmaq əvəzinə biznes strukturuna çevrilibmiş Azərbaycanda iş adamlarına divan tuturmuş, şantaj edirmiş, adamların sərvətlərini, var-yoxlarını əlindən alırmış. İndi məlum olur ki, bu, Milli Təhlükəsizlik Nazirliyi deyil, milli təhlükə nazirliyidir. Söhbət təkcə bu nazirlikdən getmir, bütün nazirliklər bu gündədir. Bu rejim hər birimizin həyatından 22 ili oğurlayıb. Təkcə nefti yox, həyatımızı oğurlayırlar. Oğru rejim, avtoritar rejim həyatımızı oğurlayır. Bu rejimin sonu gəlməkdədir. Biz bu rejimin getməsi üçün əlimizdən gələni etmişik. Müsavat Partiyası olaraq gerçək demokratik qüvvələr əlindən gələni edib”, İ.Qəmbər bildirib.
Onun fikrincə, artıq hakimiyyət özü də tükəndiyini etiraf edir.
“Rejim rəhbərləri hər zaman deyirdilər ki, “gələn il daha yaxşı olacaq”. İndi İ.Əliyev etiraf edir ki, “gələn il ağır olacaq”, İ.Qəmbər vurğulayıb.
O qeyd edib ki, 2016-cı ilin büdcəsi dörddə bir hissə azaldılıb. Onun sözlərinə görə, neft gəlirlərinin azalması ilə məmurların “zərflərdə” aldıqları vəsait də ya ləğv edilir, ya da xeyli azalır.
İ.Qəmbər bildirib ki, Müsavat Partiyası hakimiyyətin seçki yolu ilə dinc qaydada dəyişdirilməsinə tərəfdardır.
Beynəlxalq təcrübə və postsovet ölkələrinin praktikası göstərir ki, rejimlər azad seçkilər üçün şərait yaratmadıqda vətəndaşlar öz dinc mitinqləri ilə onları dəyişdirir.
İ.Qəmbər hesab edir ki, bu, Azərbaycan üçün də labüddür. Lakin onun fikrincə, seçki yoluyla getmək rejimin də marağındadır, çünkü həm öz vətndaşlarının, həm də beynəlxalq birliyin inamını itirir.
Mitinqin sonunda qətnamə oxunub. Qətnamədə siyasi məhbusların azadlığa buraxılması, azad və ədalətli seçkilər üçün şəraitin yaradılması, seçki qanunvericiliyində əsaslı dəyişikliklərin edilməsi, ilk növbədə seçki komissiyalarının müstəqilliyinin təmin edilməsi, bərabərhüquqlu təbliğat imkanlarının təmin edilməsi, xüsusilə ictimai diskussiyaların təşkili məqsədilə pulsuz efir vaxtının ayrılması tələb olunur. Bu və digər zəruri tədbirlərin görülməsi üçün parlament seçkilərinin dayandırılaraq dörd ay sonraya təyin edilməsi təklif olunur.
***
Müsavat Partiyasının mitinq-görüşü başa çatıb. Sonda qətnamə oxunub.
Your browser doesn’t support HTML5
İsa Qəmbərin çıxışı: Həbsxanalarda MTN-nin fitnəsi ilə həbsdə olan çoxsaylı insanlar var
Your browser doesn’t support HTML5
İsa Qəmbər: Bu rejim həyatımızdan 22 ili oğurlayıb
Your browser doesn’t support HTML5
İsa Qəmbər: Hakimiyyətin dəyişməsini seçkidə görürük
Your browser doesn’t support HTML5
İsa Qəmbər: Seçki dayandırılmalı, 4 ay sonra keçirilməlidir
Your browser doesn’t support HTML5
***
Oktyabrın 25-də Bakıda,“İnşaatçılar” metro stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunda Müsavat Partiyası parlament seçkiləri ilə bağlı mitinq-görüş keçirir
Mitinq-görüşdə Müsavat Partiyasının seçki platforması haqqında partiyanın başqanı Arif Hacılının, 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd İsa Qəmbərin və digrər namizədlərin çıxış edir, problemlərin həlli yollarından danışırlar.
Bu mitinq-görüş Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəddir.
Your browser doesn’t support HTML5
Müsavat Partiyasının başqanı Arif Hacılı polisin siyasi məhbusların fotolarını mitinq iştirakçılarının əllərindən almasını tənqid edib. Bundan sonra mitinq iştirakçıları siyasi məhbusların fotoları olan və polisin əzdiyi plakatları geri alaraq istifadə ediblər.
Your browser doesn’t support HTML5