İfadə azadlığının pozulması ilə bağlı Avropa Şurasının səsi daha möhkəm çıxmalıdır və bu fundamental azadlığın müdafiəsi üçün qlobal səviyyədə birləşmək lazımdır.
Oktyabrın 13-də Strasburqda açılmış “Söz azadlığı demokratiyanın şərti olaraq qalırmı?” adlı iki günlük konfransda səslənən əsas fikir bundan ibarətdir. İfadə azalığı sahəsində vəziyyətin xüsusi narahatlıq doğurduğu ölkələr arasında Azərbaycanın da adı çəkilib.
Konfransda ifadə azadlığı problemlərini həll edən üç yüzə yaxın hakim, dövlət məmuru, jurnalist və vətəndaş cəmiyyəti fəalları iştirak edir.
Konfransı açan Avropa Şurası Nazirlər Komitəsinin sədri, Bosniya və Herseqovina baş naziri Almir Şaxoviç demokratiya üçün ifadə azadlığının əhəmiyyətini qeyd edib. Demokratik cəmiyyətdə bütün problemlər və hətta şok edən məsələlər azad şəkildə müzakirə olunmalıdır. AŞ üzvü olan dövlətlər jurnalistlərin müdafiəsini və təhlükəsizliyini təmin etməlidir, deyə o bildirib.
AŞ baş katibi Turbyern Yaqland ifadə azadlığının müdafiəsi üçün demokratik ictimaiyyətin güclü şəkildə birləşməsi zərurətini qeyd edib. Bu zaman o, İnternetdə ifadə azadlığının məhdudlaşdırılması təmayülü olduğunu vurğulayıb.
Yaqland qeyd edib ki, ifadə azadlığı və qanunun aliliyi on-line mühitdə də təmin edilməlidir.
Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan da öz növbəsində qeyd edib ki, ifadə azadlığı plüralizmin müdafiəsi və cəmiyyətin müxtəlifliyinin, dövlətdə qərarların qəbul edilməsinə onun təsirinin təmin edilməsi, habelə insanların ləyaqətinə hörmət nöqteyi-nəzərdən də zəruridir.
Eyni zamanda, ifadə azadlığının hüdudları var və ondan başqalarının hüquqlarının pozulması, təhqir, ədavət salınması, terrorizmin dəstəklənməsi üçün istifadə olunmamalıdır.
Hüquq və jurnalistika sahəsində məşhur ekspert Joşu Rozenberq qeyd edib ki, bəzi ölkələrdə jurnalistlər öz hökumətlərindən terroristlərdən daha çox qorxurlar.
Son iki ildə Avropada 15 jurnalist qətlə yetirilib. Bəzi ölkələrdə jurnalistlər əsassız cinayət təqibləri və fiziki hücumlarla qarşılaşırlar. Çox vaxt jurnalistlərə qarşı cinayətlər cəzasız qalır. Ölkədə ifadə azadlığı ciddi şəkildə məhdudlaşdırılırsa, onu demokratik ölkə hesab etmək olmaz.
Onun fikrincə, ifadə azadlığının pozulduğu və jurnalistlərin təqibə məruz qaldığı hallarda Avropa Şurasının səsi daha yüksək çıxmalıdır.
Açılış mərasimindən sonra müzakirələr zamanı rəyasət heyətində oturan AŞ insan hüquqları üzrə komissarı Nils Muyjnieks və ATƏT-in KİV azadlığı üzrə sədri Dunya Miyatoviçə ifadə azadlığının pozulması ilə əlaqədar onların və Avropa Şurasının nə edə biləcəyi haqqında sual ünvanlanıb.
Muyjnieks cavab verib ki, komissar olaraq o, bu məsələləri ictimai şəkildə qaldırır, lakin pozuntulara yol verən ölkələr barəsində siyasi qərarları AŞ Nazirlər Komitəsi qəbul edə bilər. Bundan başqa, komissar Avropa İnsan Hüquqları Məhkəməsində işlərə baxılmasına müdaxilə edə bilər. Bu zaman o qeyd edib ki, bu yaxınlarda Azərbaycanda hüquq müdafiəçilərinin həbsi ilə bağlı 5-6 işlə bağlı bu hüququndan istifadə edib.
Muyjnieksin fikrincə, problem təkcə ifadə azadlığının pozulması deyil, həm də məhkəmənin müstəqil olmaması ilə bağlıdır.
Almaniya Parlamentinin ombudsmanı, keçmiş AŞPA üzvü Kristof Ştrasser AŞ-da ölkələrin təşkilatdan çıxarılmasının Strasburqu bu dövlətlərdə islahatlara təsir etmək imkanından məhrum edəcəyi haqqında fikir olduğunu bildirib.
Lakin Miyatoviç xatırladıb ki, dövlətlər könüllü olaraq demokratik azadlıqlara, o cümlədən ifadə azadlığına hörmət üzrə öhdəliklər götürürlər.
Onun fikrincə, AŞ və ATƏT institutları pozuntular haqqında birbaşa danışmalıdır. Jurnalistlər peşə fəaliyyətinə görə uydurma ittihamlarla həbs edildiyi zaman susmaq yolverilməzdir.
Rozenberq Miyatoviçdən “nümunə göstərə bilərsiniz?” deyə soruşduqda o, Azərbaycanın adını çəkib. Onun sözlərinə görə, AŞ və ATƏT-in Azərbaycandan olan əsas tərəfdaşları bu konfransda iştirak etmir, cünki onlar həbsdədirlər.
Konfrans davam edir. Onun iştirakçıları Avropanın ifadə azadlığının kriminallaşdırılmasına nə dərəcədə yaxınlaşa biləcəyi ilə bağlı məsələləri müzakirə edirlər. Onlar internetdə söz azadlığına riayət etməklə, terrorizmə qarşı necə mübarizə aparılması və söz azadlığı üçün kütləvi müşahidələrin hansı nəticələrinin ola biləcəyi məsələlərini müzakirə edəcəklər.
Konfrans iştirakçıları jurnalistikanın müdafiəsinə və jurnalistlərin təhlükəsizliyinin artırılmasına yönəlmiş onlayn-platformanın fəaliyyətinin nəticələrinə baxacaqlar.