Ann Brasser Azərbaycanda fəalların təqib edilməsini pisləyib

Anne Brasseur

AŞPA Vaslav Havel mükafatının ötənilki laureatı Anar Məmmədlinin adını çəkib

Sentyabrın 28-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasında qurumun rəhbəri Ann Brasser öz çıxışını Avropada insan hüquqlarına hörmətlə yanaşılması məsələsinə toxunub.

Əsasən o, bir sıra AŞ ölkələrində bu hüquqların ciddi pozulduğunu qeyd edib.

“Bəzi ölkələrdə hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları təqiblərə, təzyiqlərə, hədə- qorxulara məruz qalır. Avropa Şurasına üzv dövlətlər üçün bu, yolverilməzdir”, - o, vurğulayıb.

AŞPA Vaslav Havel mükafatının ötənilki laureatı Anar Məmmədlinin adını çəkib.

A.Məmmədlini siyasi məhbus adlandıran Brasser təəssüflə deyib ki, Azərbaycana səfəri zamanı onunla görüşmək istəyib, lakin bundan imtina edilib.

“Azərbaycanda insan haqlarının vəziyyətinin daim pisləşməsi Azərbaycan hakimiyyətinin Avropa Şurasının fundamental dəyərlərinə hörmət etmədiyini göstərir”, o vurğulayıb.

“Leyla və Arif Yunusların, Xədicə İsmayılovanın barəsində çıxarılan hökmlər bizi olduqca narahat edir. Azərbaycanda insan hüquqları məsələsinə münasibətin köklü şəkildə dəyişdirilməsinin, hüquq sistemindəki problemlərin aradan qaldırılmasının, KİV, toplaşma və assosiasiya azadlığına hörmətlə yanaşılmasının vaxtı çoxdan çatıb”, Ann Brasser bildirib.

Azərbaycanda keçiriləcək parlament seçkilərinə toxunan AŞPA rəhbəri deyib ki, Bakının ATƏT DTUHB-nin lazımi sayda müşahidəçisini qəbul etməkdən imtina etməsi “bu seçkilərin AŞ standartlarına və Azərbaycanın bu təşkilat qarşısındakı öhdəliklərinə uyğunluğu barədə nəticəyə gəlməyə imkan verməyəcək”.