REAL Hərəkatının sədri İlqar Məmmədov Binə qəsəbəsindəki 2 Saylı Cəzaçəkmə Müəssisəsində Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mard ilə görüşüb.
REAL-ın yaydığı məlumata görə, görüşdə siyasi vəziyyət, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icra edilməsi və qarşıdan gələn parlament seçkiləri müzakirə edilib.
İlqar Məmmədov 2013-cü ilin yanvarın sonlarında İsmayıllı rayonunda baş vermiş kütləvi narazılıqdan sonra fevralın 4-də həbs edilib. Məhkəmə onu 7 il azadlıqdan məhrum edib.
Avropa İnsan Hüquqları Məhkəməsi 22 may 2014-cü ildə həbsin siyasi motivli olmasını, İlqar Məmmədovu höküməti tənqid etdiyinə görə susdurmaq və prezident seçkilərindən kənarda qoymaq məqsədi daşıdığını qeyd etməklə Konvensiyanın 5, 6, 18-ci maddələrinin pozuntusunu tanıyıb.
Azərbaycan hökumətinin həmin qərardan böyük palataya verdiyi şikayət qəbul edilməyib. Avropa Şurasının Nazirlər Komitəsi 2014-cü il dekabrın 4-də Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barəsində qərarının icrası məsələsinə baxıb və Məmmədovun təxirə salınmadan azad edilməsinin təmin olunmasını tələb edib.