Leyla və Arif Yunusların məhkəməsi yenə qapalı keçirilir [Video] (Yenilənib)

Your browser doesn’t support HTML5

Leyla və Arif Yunusların məhkəməsi yenə qapalı keçirilir

Məhkəməyə həbsdə olan jurnalist Rauf Mirqədirov da gətirilib

Leyla və Arif Yunusların işi üzrə məhkəmə prosesində şahid ifadələri başa çatıb.

Əsasən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı dindirilib. O, jurnalistlərə bildirib ki, məhkəmə zalında MTN təcridxanasının həkimi iştirak edir və o, varxtaşırı Arif Yunusa dərman verir.

M.Qəhrəmanlıdan L.Yunusun layihələrində iştirakı barədə soruşulub.

Həbsdə olan jurnalist Rauf Mirqədirov da şahid kimi dindirilib.

“Rauf prosesə əlləri qandallı vəziyyətdə gətirilib. O, çox arıqlayıb. Gözlərində və üzündə əzab çəkmiş insanın ifadələri var”, - M.Qəhrəmanlı bildirib.

İclasın digər iştirakçısı jurnalistlərə bildirib ki, R.Mirqədirov Arif və Leyla Yunusu çoxdan tanıdığını və onlarla əməkdaşlıq etdiyini deyib.

Ermənistana səfərə gəlincə, layihə iştirakçıları bu ölkədə davranış qaydalarını ilkin olaraq müzakirə ediblər və razılığa gəliblər.

Layihələrdə iştiraka görə, qonorar R.Mirqədirovun bank hesabına köçürülüb.

Bu gün digər şahidlər - jurnalist Əkbər Həsənov və Accsesbank-ın əməkdaşı dindirilib, Qadın Krizis Mərkəzinin rəhbəri, siyasi mühacirətdə olan Mətanət Əzizovanın ifadəsi oxunub.

Vəkil Elçin Qəmbərov bildirib ki, bununla şahid ifadələri başa çatıb.

Avqustun 5-də növbəti iclas zamanı sənədlər araşdırılacaq.

Qeyd edək ki, iclas zamanı A.Yunusa iynə vurulub, üç dəfə dərman verilib.

***

Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçiləri Leyla və Arif Yunusun məhkəmə prosesi davam edib.

Avqustun 3-də məhkəmə zamanı A.Yunusun hipertonik kriz keçirməsinə baxmayaraq, iclas bu gün təxirə salınmayıb.

Jurnalistlər və ictimaiyyət nümayəndələri məhkəmə zalına buraxılmayıb.

Zala yalnız ABŞ, Böyük Britaniya, Almaniya və Niderland səfirliklərinin diplomatları keçə biliblər.

Məhkəmə binasının yaxınlığında mülki geyimli polislər, təcili yardım maşını və çoxsaylı polis dayanıb.

Vəkillərin sözlərinə görə, bu gün prosesdə əmək hüquqlarının müdafiəsi üzrə QHT-yə rəhbərlik edən Sahib Məmmədov çıxış edib. O, L. Yunusun layihələrində iştirak etdiyini bildirib.

Öz növbəsində L.Yunus vəkilləri A.Yunusu xəstə vəziyyətdə məhkəmədə saxlayan hakimlərin hərəkətlərindən şikayət etməyə çağırıb.

A.Yunus ayaqda dura bilmir, başıaşağı vəziyyətdə oturub.

Məhkəmədə şahid qismində Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı danışıb.

Məhkəməyə həbsdə olan jurnalist Rauf Mirqədirov da gətirilib. Mirvari Qəhrəmanlıdan sonra şahid kimi Rauf Mirqədirov dindirilib.

Milli Şuranın sədri Cəmil Həsənli baş verənləri şərh edərkən deyib ki, bunu məhkəmə adlandırmaq olmaz. “Digərləri kimi məni də məhkəməyə buraxmadılar, halbuki, hakimiyyət bunu açıq məhkəmə adlandırır. Əslində bu, inkvizisiya məhkəməsi və ya ən yaxşı halda komediyadır”, o qeyd edib.

Avqustun 3-də məhkəmə zalında A.Yunus hipertonik kriz keçirərək huşunu itirib. Təcili yardım həkimləri onun arterial təzyiqinin kəskin artdığını qeydə alıblar və bir saat yarım ərzində A.Yunusu özünə gətiriblər. Həkimlərin fikrincə, proses təxirə salınmalıydı, çünki xəstə məhkəmə zalında ola bilməz.