Iyulun10-da səhər polis islamçıların İsrailin Bakıdakı səfirliyinin önündə aksiya keçirməsinin qarşısını alıb.
Bir qrup dindar Qüdsün işğalına etirazını bildirmək üçün səfirliyin önünə gəlib.
Amerikanın Səsinin müxbirinin hadisə yerindən verdiyi məlumata görə, səfirliyin qarşısı polis tərəfindən mühasirəyə alınıb.
Jurnalistlərə çəkiliş etməyə imkan verilməyib. 20- dən çox aksiya iştirakçısı Yasamal rayon 26 və 27-ci polis bölmələrinə aparılıb.Onların arasında Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov, sədrin müavinləri Akif Heydərli və Vüqar İbayev də var.
Sıra jurnalistlərə də çatıb. Polis onlarla kobud davranaraq aksiyanın keçirildiyi yerdən qovub.
Qüds Günü ənənəvi olaraq islamçılar tərəfindən qeyd olunur. Bütün dünyada islamçılar işğalçılardan Qüdsün azad olunmasını tələb edirlər. Bu təşəbbüs İranın dini lideri İmam Xomeyniyə məxsusdur.