REAL Hərəkatının liderinin telefonla danışmaq hüququ məhdudlaşdırılıb

İlqar Məmmədov

Amnesty İnternational tərəfindən vicdan məhbusu elan edilmiş REAL Hərəkatının hazırda 2 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan lideri İlqar Məmmədovun telefonla zəng etmək hüququ məhdudlaşdırılıb.

REAL Hərəkatının icra katibi Naatiq Cəfərli Facebook səhifəsində yazıb ki, bu yaxınlarda Məmmədovla görüşüb.

“İlqar Məmmədov məndən aşağıdakıları ictimaiyyətə çatdırmağımı xahiş eedib: İlqar Məmmədovun tapşırığı ilə Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərlə bağlı qalib partiyalara onun adından təbrik göndərildikdən sonra ona 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən bildirilib ki, məhz bu səbəbə görə onun telefonla zəng etmə hüququ məhdudlaşdırılıb. İlqar Məmmədov 2 saylı CÇM-nə gətirildiyi vaxtdan 8 ay müddətində həmin anadək həftədə iki dəfədən artıq zəng etmək imkanı verilirdi. Ona bildirilib ki, o əvvəlki qaydada zəng edə bilməyəcək”, Cəfərli Facebook səhifəsində yazıb.

Məlumatla bağlı cəzaçəkmə müəssisəindən cavab almaq mümkün olmayıb.

İlqar Məmmədov 2013-cü ilin yanvarın sonlarında İsmayıllı rayonunda baş vermiş kütləvi narazılığdan sonra fevralın 4-də həbs edilib. Məhkəmə onu 7 il azadlıqdan məhrum edib.

Avropa İnsan Hüquqları Məhkəməsi 22 may 2014-cü ildə həbsin siyasi motivli olmasını, İlqar Məmmədovu höküməti tənqid etdiyinə görə susdurmaq və prezident seçkilərindən kənarda qoymaq məqsədi daşıdığını qeyd etməklə Konvesiyanın 5, 6, 18-ci maddələrinin pozuntusunu tanıyıb.

Azərbaycan hökmumətinin həmin qərardan böyük palataya verdiyi şikayət qəbul edilməyib.Avropa Şurasının Nazirlər Komitəsi 2014-cü il dekabrın 4-də Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barəsində qərarının icrası məsələsinə baxıb və Məmmədovun təxirə salınmadan azad edilməsinin təmin olunması tələb edib. Bununla əlaqədar hökumətin hesabatı bu ilin martın 11-də dinlənilməsi nəzərdə tutulur. Lakin buna baxmayaraq Azərbaycan hökuməti hazırki vaxtadək Avropa Məhkəməsinin qərarını icra etmir və İlqar Məmmədovu həbsdə saxlamağa davam edir.

İlqar Məmmədovun 7 il azadlıqdan məhrum edilməsinə dair çıxarılmış məhkəmə qərarlarından Azərbaycan Ali Məhkəməsinə verilmiş kassasiya şikayəti 13 yanvar 2015-ci ildə qeyri-müəyyən müddətə təxirə salınıb.