Amnesty İnternational-ın nümayəndə heyəti Bakıya buraxılmayıb

Amnesty İnternational-Baku2015

Bu barədə təşkilatın bəyanatında deyilir

Amnesty International Azərbaycana planlaşdırılan səfərini ləğv etməli olub. Buna səbəb son anda hökumətin bu hüquq-müdafiə təşkilatının nümayəndə heyətini Bakıya buraxmaqdan imtina etməsidir. Bu barədə təşkilatın bəyanatında deyilir.

İyunun 9-da axşamdan keçmiş Azərbaycanın Londondakı səfirliyi “Azərbaycan hazırda Amnesty International-ı qəbul etmək iqtidarında deyil”, deyə bəyan etdikdən sonra “Azərbaycan: Avropa oyunları fonunda repressiyalar” mövzusunda birifinqin keçirilməsi üçün Bakıya təşkil edilən səfər ləğv edilib.

“Avropa Oyunları ərəfəsində tənqidi səslərin sistematik olaraq yatırılması zamanı tədbirin ləğv edilməsi olduqca ironikdir. Ölkə hakimiyyəti Avropa Oyunları ətrafında tənqiddənkənar zona yaratmağa çalışır”, Amnesty International-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bildirib.

“Bu oyunlar Olimpiya Xartiyasında təsbit olunmuş mətbuat azadlığı və insan ləyaqəti kimi dəyərlərdən uzaqdır. Bu oyunlardan qalan o olacaq ki, bundan sonra da dünyanın repressiv orqanlarını böyük beynəlxalq idman tədbirlərindən beynəlxaq nüfuz və mötəbərlik üçün bilet kimi istifadə etməyə təşviq edəcəklər”, o vurğulayıb.

Son illər Azərbaycanda jurnalistlər, hüquq müdafiəçiləri, müxalif və demokratik gənc fəallar təqib, işgəncə və həbslərə məruz qalıb. Onların sıxışdırılması oyunlar ərəfəsində daha da güclənib.

Azərbaycanda azı 20 vicdan məhbusu var. Onlar fikir azadlığı hüququnu həyata keçirdiklərinə görə həbs olunublar. Onların çoxu dələduzluq, vergidən yayınma, narkotik maddə saxlamaq, xuliqanlıq, hətta dövlətə xəyanətdə ittiham olunublar.

Hazırda demək olar ki, müstəqil KİV yoxdur. Dövlətə məxsus olan və ya onun nəzarətində olan qəzetlər və TV yalnız hakimiyyətin hərəkətlərinə haqq qazandırmaq üçündür.

Sonra sənəddə tanınmış hüquq müdafiəçilərinin konkret işləri sadalanır, tanınmış QHT və jurnalistlərə, vətəndaş fəallarına qarşı repressiyalar ətraflı açıqlanır.

Amnesty International Azərbaycan hökumətini bütün vicdan məhbuslarını dərhal və qeyd-şərtsiz azad etməyə, ifadə, toplaşma və birləşmək azadlığına hörmətlə yanaşmağa çağırır.

Hökumət və Avropa Olimpiya Komitəsi də daxil olmaqla beynəlxalq birlik buna nail olmaq üçün Azərbaycan hakimiyyətinə təzyiq göstərməlidir.

“Azərbaycanda keçirilən Avropa Oyunları ölkədə insan hüquqlarının yaxşılaşdırılmasını təmin etmək üçün nadir imkan yaradır. Buna görə də Avropa Olimpiya Komitəsi və beynəlxalq birliyin bunu bəyan etməkdən imtina etməsi Azərbaycan hakimiyyətinin tənqidi vətəndaş cəmiyyətini tamamən susdurmasına imkan verəcək”, D.Krivoşeyev bildirib.