"Avropa İttifaqının ofisi Avropa Oyunlarını boykot etməyə çağırmayıb"

Azərbaycan və Avropa Ittifaqının bayraqları

Avropa İttifaqı (Aİ) Nümayəndəliyi bildirir ki, Aİ Bakıdakı ofisinin Aİ-na Üzv Dövlətləri Avropa Oyunlarının açılışını boykot etməyə çağırması barədə mediada yayılan informasiya heç bir şəkildə düzgün deyil.

Bu barədə Avropa İttifaqı Nümayəndəliyinin məlumatında deyilir.

Aİ-na Üzv Dövlətlərin Avropa Oyunları kimi idman tədbirlərində iştirak etməsinə dair tövsiyə vermək Aİ Nümayəndəliyinin səlahiyyətinə daxil deyildir. Aİ Nümayəndəliyi fürsətdən istifadə edərək oxuculara xatırlatmaq istəyir ki, Şərq Tərəfdaşlığı Sammitinin birgə bəyanatında (Riqa 21-22 may 2015) xüsusi istinad verilir və burada deyilir:

"Sammitin iştirakçıları iyun ayında Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını səbirsizliklə gözləyir".

Qeyd edək ki, bu bəyanat hökumətyönümlü KİV-lərdən birinin Yunanıstan səfirinin öz hökumətinə Avropa dövlətləri başçılarından heç kimin Oyunların açılışına gəlməyəcəyi haqqında məlumat verdiyini yazmasından sonra verilib.