FIDH: Avropanın Avropa Oyunlarında iştirakı siyasi məhbuslara təhqirdir

logo of FIDH

Qurum Avropa liderlərini oyunlarda iştiraklarını şərtləndirməyə çağırır

Birinci Avropa Oyunlarının açılışına bir həftə qalmış FIDH (İnsan Hüquqları Uğrunda Beynəlxalq Federasiya) Avropa ölkələrinin liderlərini oyunlarda iştiraklarını siyasi məhbusların və saxta ittihamlarla məhkəmə prosesi gözləyən fəalların azad edilməsi ilə şərtləndirməyə çağırır.

Bu barədə 100-dən çox ölkədə 164 milli təşkilatı birləşdirən İnsan Hüquqları Uğrunda Beynəlxalq Federasiyanın bəyanatında deyilir.

“Yaranmış vəziyyətdə Avropa ölkələrinin hökumət nümayəndələrinin Oyunların açılış mərasimində iştirakı Azərbaycanda azadlıqdan məhrum edilmiş fəallar və onların öz azadlıqlarını və təhlükəsizliyini riskə ataraq uğrunda mübarizə apardığı universal dəyərlər üçün təhqir olacaq”, deyə FIDH prezidenti Kərim Lahici bildirib.

FIDH Azərbaycan hakimiyyətinin öz ölkəsinin vətəndaş cəmiyyətinə tutduğu misli görünməmiş divanı pisləyir. Xatırladırıq ki, ötən il Bakıda Oyunlar ərəfəsində müstəqil QHT rəhbərlərinin əksəriyyəti həbs olunub. Onların vəkilləri təqiblərə məruz qoyulur, bəziləri hətta fəalların qanunvericilikdə təsbit edilmiş hüquqi müdafiəsindən məhrum edilməsi məqsədilə həbs edilib. Qanunvericiliyə yeni dəyişikliklər vətəndaşların hüquqlarını həddindən artıq məhdudlaşdırır və müstəqil təşkilatların qeydiyyatını və normal fəaliyyətini, demək olar ki, qeyri-mümkün edir: onların bank hesabları dondurulur, xarici təşkilatlar tərəfindən maliyyələşmə, ölkənin dövlət orqanları tərəfindən icazə verilmədiyi hallarda, qanunsuz elan edilib. Hakimiyyətin ölkənin imicini yaxşılaşdırmaq üçün idman tədbirlərindən istifadə etmək cəhdlərini və bununla əlaqədar istənilən tənqidi ifadələrə və ya fərqli düşüncəyə qarşı daha çox dözümsüz olduğunu nəzərə alaraq, Avropa Oyunları Azərbaycanda insan hüquqları sahəsində təhlükəli vəziyyətin daha da pisləşməsinə şərait yarada bilər.

Müstəqil vətəndaş cəmiyyətinin kökünün kəsilməsinə yönəlmiş qanunvericilik maneələri, fəalların və onların vəkillərinin məhkəmə təqibi və fərqli düşünən şəxslərin özbaşına saxlanması Olimpiya Xartiyasının özünə və sözünə ziddir. Azərbaycan hökuməti qarşıda duran Avropa Oyunlarına müstəsna əhəmiyyət verir, onlara beynəlxalq aləmdə öz nüfuzunu və imicini yaxşılaşdırmaq imkanı kimi baxır. Məhz buna görə Oyunlar Avropa hökumətlərinə Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti yaxşıya doğru dəyişmək üçün ideal imkan verir.

FIDH Avropa ölkələrinin hökumətlərini Oyunların açılış mərasimində iştiraklarının həbs edilmiş və saxlanılmış vətəndaş cəmiyyəti fəallarının azad edilib-edilməyəcəyindən asılı olduğunu bəyan etməyə çağırır, deyə təşkilatın saytında dərc edilmiş bəyanatda qeyd edilir.

* FIDH dünyanın 100-dən çox ölkəsində işləyən 164 üzv təşkilatdan ibarət hərəkatdır. Federasiya öz fəaliyyətində araşdırmalara, dəlillərə, insan hüquqlarının müdafiəsi və onlara riayət olunması məqsədilə keçirilən kampaniya və hüquqi işə əsaslanır. 90 ilə yaxındır ki, FIDH əsas azadlıqlara riayət olunması, hüquqları pozulanların müdafiəsi və insan hüquqlarının pozulmasında təqsirli olanların məsuliyyətə cəlb edilməsi uğrunda mübarizə aparır.