Con Kerri: ABŞ transmilli təhlükələrə qarşı davamlı cəhdlər göstərməyə qərarlıdır

John Kerry

Dövlət katibi Respublika Günü münasibətilə Azərbaycan prezidentini təbrik edib

ABŞ dövlət katibi Con Kerri 28 May - Respublika Günü münasibətilə Azərbaycan prezidentinə təbrik məktubu göndərib.

Məktubda deyilir ki, Vaşinqton Azərbaycanın suverenliyini və demokratik inkişafını dəstəkləyir.

"Azərbaycan xalqı 97 il əvvəl müsəlman dünyasında ilk dünyəvi demokratik respublika yaradıb. Həmin vaxtdan, eləcə də 1991-ci ildə Sovet İttifaqının tərkibindən ayrılaraq müstəqilliyinizi elan etdiyinizdən bəri ölkələrimiz Azərbaycanın müstəqilliyinin təminatında birgə əməkdaşlıq edir", dövlət katibi vurğulayıb.

Con Kerri Vaşinqtonun və Bakının terrorizmlə mübarizədə və Əfqanıstanda NATO-nun missiyası vasitəsilə regional və beynəlxalq təhlükəsizliyin təminatında əməkdaşlığını qeyd edib.

Dövlət katibi ABŞ-ın Azərbaycanın "Cənub" qaz dəhlizi vasitəsilə Avropanın enerji şaxələndirməsindəki rolunu ciddi şəkildə dəstəklədiyini vurğulayıb.

O, əlavə edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına sadiq qalır:

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında, transmilli təhlükələrə qarşı mübarizədə və qanunun aliliyinin gücləndirilməsində davamlı cəhdlər göstərməyə qərarlıdır. Əlamətdar bayram münasibətilə bütün azərbaycanlılara ən xoş arzularımı çatdırıram", dövlət katibi qeyd edib.