Mayın 15-də bir qrup müxalifəyönümlü partiya sədrlərinin iştirakı ilə üçüncü iqtidar-müxalifət görüşü olub. Görüşə AXCP və Müsavat Partiyası qatılmayıb.
Müzakirələrə qatılan prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan cəmiyyətində baş verən və ümummilli mahiyyət kəs edən məsələlər iqtidarla müxalifətin görüşünə ehtiyac yaradır.
“Ötən müddətdə Prezident Administrasiyasına siyasi partiyalardan görüşdə müzakirə üçün bəzi təkliflər daxil olub. Lakin, faktiki hamının marağını kəsb edəcək və aktual olacaq ciddi təkliflər almamışıq. Yeganə olaraq “Azadlıq-2015” blokundan qarşıdan gələn parlament seçkiləri, seçki islahatları və siyasi partiyaların seçkilərdə iştirakı ilə bağlı ümumiləşmiş ciddi təklif daxil olmuşdu. Lakin hakimiyyət bu gün bu təklifi siyasi partiyalarla müzakirə etməyə hazır deyil və hazırda hakimiyyət olaraq siyasi partiyalarla seçki islahatları və qarşıdan gələn seçkiləri gündəmə çıxmağa lüzum görmürük. Ona görə də bu mövzudan vaz keçdik”,- o bildirib.
Ə. Həsənovun fikrincə, bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, bu oyunlara daxildə və xaricdə münasibətdir.
“Hesab edirik ki, cəmiyyətin siyasi institutları da bu məsələnin müzakirəsindən kənarda qalmamalıdır”.
Ə.Həsənov görüşdə siyasi partiyaları maraqlandıran cari məsələlərin də müzakirəyə çıxarılmasını təklif edib: “Siyasi partiyalar görüşün gedişində konkret məsələlərin müzakirəsini təklif edə bilər. Biz, ümumiyyətlə, gələcək görüşlərdə cari məsələləri ikinci məsələ kimi gündəliyə salmağı təklif edirik”.
Görüşdə iqtidar tərəfini Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüsenyn Kazımlı təmsil edirlər.
Müxalifət tərəfdən isə AXCP və Müsavat Partiyası görüşdə iştirak etmir.
Digər partiyalardan Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Klassik Xalq Cəbhəsi Partiyası, Ümid Partiyası, Vəhdət Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Cəbhəsi Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP), Vətəndaş və İnkişaf Partiyası (VİP), Azərbaycan Demokrat Partiyası (ADP), Böyük Azərbaycan Partiyası (BAP), Ədalət Partiyası, Azərbaycan Sosial Demokratlar Partiyası (ASDP sədr Araz Əlizadə), Azadlıq Partiyası (Əhməd Oruc), Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Aydınlar Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası (Fərəc Quliyev) təmsil olunur.
Görüşün nəticələrinə gəlincə, KXCP sədri Mirmahmud Mirəlioğlu Amerikanın Səsinə "nəticəsiz görüş" deyə qiymətləndirib.
"Görüşdə siyasi məhbuslar, seçki islahatları ilə bağlı fikir ayrılığı var. Siyasi məhbuslar həbsdədirsə deməli görüşün nəticəsi yoxdur", o qeyd edib.
Ölkə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da siyasi partiya liderləri ilə görüşdə məhbuslar məsələsinin qaldırıldığını deyib.
Ə.Həsənov görüşdən sonra bildirib ki, əvvəlki iki görüşdə olduğu kimi, bir sıra partiya nümayəndələri “bəzi məhbuslar”la bağlı məsələ qaldırıblar və onların əfv olunmasımı xahiş ediblər.
Ə.Həsənov vəd edib ki, partiyaların müraciəti prezidentin diqqətinə çatdırılacaq. O, görüşü “səmərəli” adlandırıb.
Siyasi məhbuslar məsələsini qaldıranlardan biri Ümid Partiyasının lideri İqbal Ağazadədir. O siyasi partiyaların Avropa Oyunlarını dəstəklədiyini bildirib.
"Amma, siyasi məhbuslar da azadlığa buraxılmalıdır", o jurnalistlərə deyib.
Cənab Ağazadə hakimiyyətin cəza məsələsində qərəzli yanaşdığını bildirib. Belə ki, prokuror hüquq müdafiəçisi İntiqam Əliyevin 9 il müddətinə mühakimə olunmasını istəyir, ancaq Müdafiə Nazirliyinin 2 mln. manatı mənimsəmiş məmuruna şərti cəza istəyir.
“Deyirlər, İntiqam Əliyev siyasi məhbus deyil. Yaxşı, deyək ki, bu belədir. Lakin ona yanaşma siyasidir. Belə ki, o, hakimiyyətin xəttinə qarşı çıxır, dövlət əmlakını mənimsəyən şəxs isə hakimiyyətin xəttini dəstəkləyir. Bunu necə istəsəniz adlandırmaq olar, amma İntiqam Əliyev məhz siyasi yanaşma nəticəsində həbs olunub”, İqbal Ağazadə vurğulayıb.