Hazırda Azərbaycanda siyasi məhbusların sayı 80 nəfərdir. Bu barədə bu gün siyasi məhbusların vahid siyahısının hazırlanması üzrə İşçi Qrupu məlumat yayıb.
Vətəndaş cəmiyyətinin 30-a yaxın fəalı və vəkillərin daxil olduğu qrupun məlumatında deyilir ki, 2014-cü il avqustun 8-də açıqlandığı 98 nəfərlik siyahıda 26 nəfər əfv edilib və ya cəza müddəti başa çatdığına görə azad edilib.
Lakin bu siyahı dərc olunduqdan sonra repressiyalar davam edib və yeni siyasi məhbuslar var.
İşçi Qrup həbs olunanların işlərini yenidən öyrənib. AŞPA-nın 3 oktyabr 2012-ci il qətnaməsinin meyarlarna uyğun olaraq daha 8 nəfər siyasi məhbuslar sırasına daxil edib: Murad Ədilov (Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, bu partiyanın mətbuat xidmətinin rəhbəri, jurnalist Natiq Adilovun qardaşı); Seymur Həzi (“Azadlıq” qəzetinin şərhçisi, “Azərbaycan saatı” proqramının aparıcısı, AXCP-nın Rəyasət Heyətinin üzvü); Xədicə İsmayılova (“Azadlıq” radiosunun Bakı bürosunun əməkdaşı, araşdırmaçı jurnalist), Elvin Abdullayev (AXCP üzvü); Qadir Xudabaxşıyev (AXCP üzvü, II qrup Qarabağ müharibəsi əlili); Asif Yusifov (AXCP sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili); Taleh Xasməmmədov ( hüquq müdafiəçisi);Mübariz Abdullayev (Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qardaşı oğlu).
Qeyd edək ki, 98 nəfərdən ibarət siyahı Lhüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun siyahıları əsasında hazırlanıb. Bu siyahının hazırlandığı müddətdə onlaınr özləri həbsə alınıblar.
Bir çox yerli və beynəlxalq təşkilatlar bu məlumatları Azərbaycanda siyasi məhbusların vahid siyahısı kimi qəbul ediblər.
Öz növbəsində Azərbaycan hökuməti ölkədə siyasi məhbusların olmasını qəbul etmir. Ölkə rəhbərləri insanların hüquq və azadlıqlarının tam təmin olunduğunu bildirir. “Azərbaycanda siyasi məhbus yoxdur”, deyə prezident İlham Əliyev dəfələrlə bəyan edib.
“Amnesty İnternational” (Beynəlxalq Əfv) Təşkilatı Azərbaycanda 30-dan çox insanı “vicdan məhbusu” elan edib.