Asiya İnkişaf Bankı (AİB) və onun səhmdar ölkələri bankın qarşıdakı Bakı görüşlərindən əvvəl Azərbaycan hökumətini fəallara və müstəqil qruplara təzyiqlərə son qoymağa çağırmalıdır.
Bu barədə Human Rights Watch təşkilatının bəyanatında deyilir.
Mayın 2-5-də Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı keçiriləcək.
Bəyanatda deyilir ki, Asiya İnkişaf Bankı şəffaflığı, insanların iştirakını və hesabatlılığı davamlı inkişafın vacib elementləri kimi tanıyıb.
“Lakin Bakı görüşü ilə eyni vaxtda Azərbaycan hökuməti onu tənqid edən müstəqil qruplara qarşı görünməmiş təzyiq kampaniyası aparır.
Prinsiplərinə sadiq qalmaq naminə bank rəhbərliyi hökuməti qeyri-hökumət təşkilatları və medianın işinə bütün məhdudiyyətləri götürməyə çağırmalı, həmin qrupların azad fəaliyyətinin davamlı inkişafı üçün vacib olduğunu vurğulamalıdır”, - təşkilatın beynəlxalq maliyyə institutları üzrə baş tədqiqatçısı Cesika Evans bildirib.
Bununla yanaşı HRW xatırladır ki, hələ fevralda bankın prezidenti Takehiko Nakaoya məktub yazaraq Bakı görüşündən öncə atılmalı olan əsas addımlar barədə tövsiyələrini verib. Məktubda bildirilib ki, bank hökumətlə bu sahədə işləyə bilmirsə, müstəqil qrupların illik iclaslarda azad iştirakı təmin olunmursa, onda Bakıda illik iclas keçirilməsin.
“Bank illik iclasları üçün ev sahibləri seçimi qaydalarını yaratmalıdır, iclaslar bankın prinsiplərinə əməl edən ölkələrdə keçirilməlidir”, - sənəddə qeyd olunub.
Azərbaycan 1999-cu ildən bankın üzvüdür və 1.5 milyard ABŞ dolları dəyərində investisiya alıb. Bakı iclasında 3 min hökumət rəsmisi, biznes liderləri, investorlar, jurnalistlər, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edəcək.
AİB-də ən böyük səhmdarlar olan Yaponiya və ABŞ nəinki bankın prinsiplərinə istinad etməlidir, həmçinin siyasi motivli ittihamlarla saxlanmış fəalların və jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırmalıdır”, - J.Evans vurğulayıb.