2014-cü ildə bütün dünyada KİV-in fəaliyyəti üçün vəziyyət pisləşərək son 10 ildə ən kəskin hal alıb. Jurnalistlər hökumətlər, cinayətkarlar və KİV sahibləri tərəfindən böyük məhdudiyyətlərlə üzləşirlər.
Bu barədə Freedom House təşkilatının aprelin 28-də açıqladığı illik hesabatında deyilir.
Layihənin rəhbəri Cennifer Danhem hesab edir ki, hökumət tənqidi səsləri susdurmaq üçün bəhanə kimi təhlükəsizlik haqda qanunlardan istifadə edir, daha çox jurnalist qorxudulur, KİV sahibləri siyasi və ya biznes maraqlarına xidmət etmək üçün xəbərlərlə manipulyasiya edirlər.
2014-cü ildə monitorinqin aparıldığı 199 ölkə və ərazidən 63-ü (32%) azad, 71-i (36%) qismən azad, 65-i (32%) qeyri-azad kimi tanınıb.
Əvvəlkitək azad mətbuat Avropa və Şimali Amerikada fəaliyyət göstərir. Ən pis vəziyyət Afrika və Avrasiyadadır.
Pis vəziyyətdə olan 10 ölkə bunlardır: Belarus, Krım, Kuba, Ekvatorial Qvineya, Eritreya, İran, Şimali Koreya, Suriya, Türkmənistan, Özbəkistan. Rusiyanın işğal etdiyi Krım ilk dəfə olaraq ayrıca qiymətləndirilib.
Rusiya hökuməti KİV üzərində nəzarəti sərtləşdirib, müstəqil mətbuat sıxışdırılır, mediaya dövlət nəzarəti şəbəkəsi genişləndirilir. Bu, özgəfikirliliyin qarşısının alınması və xarici KİV-ə qarşı əks-təbliğat məqsədilə edilir.
Azərbaycan hökuməti müstəqil KİV-ə qarşı iri hücum kampaniyası həyata keçirir, reydlər təşkil edir, hədə-qorxulara, məhdudlaşdırıcı qanunlara, saxta cinayət ittihamlarına əl atır.
Azərbaycan ötən ilin göstəricisini üç bənd pisləşdirərək Qlobal reytinqdə 188-ci yeri tutub və yenidən qeyri-azad mətbuatlı olan ölkələr arasında yer alıb.
Onun qonşuları Ermənistan 135-ci yeri tutaraq qeyri-azad, Gürcüstan isə 93-cü yerlə qismən azad ölkələr sırasında yer alıb.