Müdafiə naziri Zakir Həsənov aprelin 22-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, monitorinqlərin nəticələri və münaqişənin həlli ətrafında fikir mübadiləsi aparılıb.
Zakir Həsənov rəsmi Yerevanın sülh danışıqlarından boyun qaçıraraq cəbhədə vəziyyəti gərginləşdirməsi və son vaxtlar yaşayış məntəqələri, qeyri-hərbi obyektlər və dinc sakinləri minaatanlar və iriçaplı silahlardan atəşə tutmasından danışıb.
O, bildirib ki, təmas xəttindəki bütün şəxsi heyətə hərəkət edən istənilən hərbi obyekti dərhal məhv etmək tapşırığı verilib.
Nazir qeyd edib ki, münaqişənin yeganə həll yolu Ermənistan qüvvələrinin Azərbaycan ərazilərini tərk etməsidir.