İşgəncələrə Qarşı Komitənin nümayəndələri yenidən Azərbaycana gəlir

BMT-yə müraciət

Doqquz günlük missiya zamanı nümayəndə heyəti azadlıqdan məhrumetmə yerlərinə baş çəkəcək

İşgəncələrin Qarşısının Alınması üzrə BMTAlt Komitəsinin nümayəndə heyəti aprelin 16-24 –də Azərbaycanda səfərdə olacaq.

Bundan öncə 2014-cü ilin sentyabrında Bakıya gələn bu missiya hakimiyyətin onunla əməkdaşlıq etməməsi səbəbindən vəzifəsini yerinə yetirməyərək Azərbaycanı tərk etməli olmuşdu.

Bu barədə Amerikanın Səsinə BMT-nin Bakı ofisindən bildiriblər.

Nümayəndə heyətinin rəhbəri Ayşə Şujun Muhamməd qeyd edib ki, istənilən azadlıqdan məhrumetmə yerlərinə məhdudiyyətsiz giriş üçün şəraitin yaradılacağına dair Azərbaycan hökumətindən zəmanət alıblar.

2014-cü ilin sentyabrında azadlıqdan məhrumetmə yerlərinin bir neçəsinə daxil olmanın, digərlərində isə vəzifələrin tam yerinə yetirilməsinin qarşısının alınması səbəbindən onlar səfəri dayandıraraq ölkəni tərk etmişdilər.

9 günlük missiya zamanı nümayəndə heyəti azadlıqdan məhrumetmə yerlərinə baş çəkəcək, Azərbaycan rəsmiləri və digər əlaqədar tərəflərlə görüşlər keçiricək.

Səfərdən sonra nümayəndə heyəti azadlıqdan məhrum edilmiş şəxslərə qarşı işgəncə və pis rəftarın qarşısının alınması ilə bağlı müşahidə və tövsiyələrindən ibarət məxfi hesabatını Azərbaycan hökumətinə təqdim edəcək.

Nümayəndə heyətinə Ayşə Şujun Muhamməd, Miloş Yankoviç, Margret Osterfeld və Viktor Zaharia daxildir.