Fərəc Kərimli özünü təqsirli bilmir

Fərəc Kərimov (Foto Ülvi Həsənlinindir)

Hakim növbəti prosesi aprelin 1-ə təyin edib

Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müavini Fərəc Kərimlinin işi ilə bağlı məhkəmə baxışı başlayıb.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, məhkəmədə müdafiə etdiyi şəxsin dəmir barmaqlıqlar arasından çıxarılıb onun yanında oturması və prosesin audio yazılışının aparılması ilə bağlı vəsatətlər qaldırıb.

Hakim bu vəsatətləri təmin etməyib.

Daha sonra prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Sonra çıxış üçün Fərəc Kərimliyə söz verilib, amma o çıxışa hazır olmadığını bildirib:

“Fərəc Kərimli bir daha bildirdi ki, həbsi siyasi xarakterlidir və özünü ona qarşı qaldırılan ittihamlarla bağlı təqsirli bilmir. Bununla belə prosesin indiki mərhələsində çıxış etməkdən də imtina etdi”.

Hakim növbəti prosesi aprelin 1-ə təyin edib.

Fərəc Kərimli iyulun 23-də saxlanıb, 25-də barəsində üç aylıq həbs qərarı çıxarılıb. Nərimanov Rayon Məhkəməsi dekabrın 21-də həbs müddətinin daha 2 ay uzadılması barədə qərar çıxarıb.

O, narkotik maddə saxlamaqda ittiham olunur. Müdafiə tərəfi ittihamı rədd edir.

Fərəc Kərimli ilə yanaşı onun qardaşı Sirac Kərimli də eyni ittihamla həbs olunub. Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi onun 6 il azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.

Amnesty İnternational təşkilatı qardaşları vicdan məhbusu kimi tanıyıb.​