ABŞ Yayım Şurasının rəsmiləri Xarici İşlər və Vergilər nazirliklərində görüş keçirib (Yenilənib)

Elmar Məmmədyarov

Görüşlərdə “AzadlıqRadiosu”nun fəaliyyətinə aid məsələlər müzakirə olunub

Martın 13-də vergilər nazirinin birinci müavini Natiq Əmirov ABŞ Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimblin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Vergilər nazirliyinin məlumatına görə, görüşdə “AzadlıqRadiosu”nun Azərbaycandakı nümayəndəliyində aparılan vergi yoxlamaları ilə bağlı məsələlər müzakirə edilib. Yoxlamanın detalları və aşkar edilmiş nöqsanlar barəsində geniş fikir mübadiləsi aparılıb.

***

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ səfiri Robert Sekutanın rəhbərlik etdiyi, ABŞ-ın Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimbli və “Azadlıq Radiosu”nun maliyyə məsələləri üzrə vitse-prezidenti Con Giambalvonun qatıldığı nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb və “Azadlıq Radiosu”nun fəaliyyətinə aid məsələlər müzakirə olunub.

2014-cü il dekabrın 26-da AzadlıqRadiosunun Bakı Bürosu möhürlənəndən sonra radionun 26 jurnalisti və ştatdankənar əməkdaşı dindirilib. Bu il fevralın 23-də isə radionun daha bir ştatdankənar əməkdaşı istintaqda dindirilib.

AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl isə ötən il dekabrın 5-də həbs edilib. Onu ilk öncə həmkarını intihar həddinə çatdırmaqda suçlayıblar. Bu il fevralın 13-də jurnalistə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui- istifadə) maddələri ilə yeni ittihamlar elan olunub.

Bu ittihamlara görə, Xədicə İsmayılı 12 ilədək həbs gözləyir.

AzadlıqRadiosunun Bakı bürosu isə dekabrın 26-da möhürlənib.