Əli Həsənov: Bəzi dairələr Avropa Oyunlarını Azərbaycana qarşı aparılan “qara piar”ın baş mövzusuna çevirməyə çalışır

Əli Həsənov

Bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi danışıb

“Təəssüf ki, davamlı şəkildə Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə əldə etdiyi uğurları gözdən salmağa çalışan bəzi yerli qruplar və xarici dairələr bu fürsəti də əldən vermək istəmir və l Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən “qara piar” kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar. “Amnesty İnternational” təşkilatının l Avropa Oyunlarını boykot çağırışı, oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-də sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər bu cəhdlərin bariz nümunələridir”.

Bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AZƏRTAC agentliyinə müsahibəsində bildirib.

Prezidentin köməkçisi “Azadlıq” radiosu başda olmaqla bəzi maraqlı qüvvələr sosial şəbəkələrdə guya Azərbaycanda Avropa Oyunları ilə əlaqədar heyvanlarla qəddar davranıldığını əks etdirən video yaymasında ittiham edib.

Əli Həsənov bunu Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat kimi qiymətləndirib.

“Biz belə təxribatlarla əvvəllər də, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi keçiriləndə də rastlaşmışıq. Həmin dövrdə beynəlxalq ictimaiyyət əmin oldu ki, bütün bunlar Azərbaycana təzyiq göstərmək, onun müstəqil siyasətinə öz iradəsini qəbul etdirmək istəyən qüvvələrin qurduğu məkrli oyundan başqa bir şey deyil. Əmin olduğumuzu bildiririk ki, Azərbaycanı gözdən salmaq üçün istifadə olunan bu tipli primitiv, ucuz metodlar heç bir nəticə verməyəcək və nə qədər gec deyil, həmin qüvvələri məkrli niyyətlərindən geri çəkilməyə dəvət edirik”.