"Taleh Xasməmmədovun şərlənərək həbs edilməsi dövlət və qanunlar adına utancdır". Bu barədə "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının martın 3-də yaydığı bəyanatda deyilir.
Bəyanatda hüquq müdafiəçisinin həbs edilməsi və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyaların davam etdirilməsi pislənir.
"Vətəndaş cəmiyyəti fəallarına qarşı hakimiyyətin basqıları, təqib və repressiyaları davam etməkdədir".
Bakıda keçiriləcək Avropa Oyunlarına işarə edən "Siyasi Məhbuslarsız Azərbaycan" Alyansı bildirir ki, olimpiya barışın, sülhün, əmin-amanlığın, vətəndaş həmrəylinin rəmzi olsa da, "hakimiyyət ictimai-siyasi fəallara qarşı təqib və repressiyaları gücləndirmək yolunu tutub".
İctimai Alyans bildirir ki, Taleh Xasməmmədov fevralın 24-də Göyçay rayonunda ailə üzvləri ilə mebel salonundan çıxıb maşınına yaxınlaşan zaman tanımadığı bir şəxsin hücumu ilə üzləşib.
"Həmin şəxs Talehin yaxasından tutaraq onu aşağıya çəkib özünü yerə yıxıb və çığır-bağır salmağa başlayıb. Göyçay rayon Polis Şöbəsinin rəis müavininin rəhbərliyi altında öncədən hadisə yerində gözləmə mövqeyi tutan 10-a yaxın polis baş vermiş olaya müdaxilə edərək hər iki şəxsi polis şöbəsinə aparıb. Taleh Xasməmmədovun polis tərəfindən həbs edilməsinə etiraz edən şahidlər, günahın "naməlum şəxs"də olduğunu bildirən şəxslər də zorla polis maşınına oturdularaq polis şöbəsinə aparılıb və şöbədə onlara təzyiq edilib".
«Siyasi Məhbuslarsız Azərbaycan» bildirir ki, istintaq "müdafiə tərəfinin təqdim etdiyi çoxsaylı şahidləri dindirməyib, sübutları araşdırmayıb, müşahidə kamerasının yaddaşında olan videogörüntülərə baxış keçirməyib".
Alyans hesab edir ki, Taleh Xasməmmədovun həbsi onun regionda ictimai fəaliyyəti ilə bağlıdır.
"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı hüquq müdafiəçisi Taleh Xasməmmədovun şərlənərək həbsini qətiyyətlə pisləyir, bu həbsi sifariş verən və icra edən məmurların cəzalandırılmasını, onun haqqında həbs-qətimkan tədbirinin seçilməsinə dair məhkəmə hökmünün ləğv edilməsini, ictimai fəalın azadlığa buraxılmasını tələb edir.
Fevralın 24-də saxlanan Taleh Xasməmmədovun 3 aylıq həbs olunub. O, xuliqanlıqda ittiham edilir.
Hüquq müdafiəçisi 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət maddələri ilə həbs edilmişdi. Göyçay Rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarmışdı. Təxminən bir il sonra prezidentin əfv sərəncamına düşərək azad olunmuşdu. O vaxt beynəlxalq təşkilatlar Taleh Xasməmmədovu "vicdan məhbusu" sayırdı.