ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) fevralın 16-19-da regiona səfər ediblər.
Səfərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
ATƏT-in Minsk Qrupu həmsədrləri regiona son səfərlə bağlı birgə bəyanatla çıxış ediblər.
Həmsədrlər Azərbaycan və Ermənistanın prezidentləri, xarici işlər və müdafiə nazirləri ilə, o cümlədən Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə görüşüblər.
Həmsədrlər, müzakirələrərdə tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını təsdiqləyib.
"Prezidentlər həmçinin həmsədrlərin atəşkəsi gücləndirməyə xidmət edəcək təkliflərini nəzərə almağa razılıq veriblər” deyə bəyanatda deyilir.
Vasitəçilər prezident və xarici işlər nazirləri ilə münaqişənin həlli istiqamətində növbəti addımları, o cümlədən hər iki ölkə prezidentlərinin bu ilin sonuna planlaşdırılan görüşünə hazırlıq məsələlərini müzakirə etdiklərini qeyd ediblər.
Regiona səfər çərçivəsində həmsədrlər Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərlə bağlı məsələləri müzakirə etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə də görüşüblər.
Onlar prezidentlərin ötən ilin oktyabrında Paris sammitində itkin düşmüş şəxslərlə bağlı BQXC-nin himayəsi ilə informasiya mübadiləsi aparılması barədə əldə etdikləri razılaşmanın vacibliyini qeyd ediblər.