Fevralın 12-də saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyalarının rəhbərləri növbəti iqtidar-müxalifət görüşünə dəvət olunub.
APA nın məlumatına görə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, dəvət Prezident Administrasiyası tərəfindən gəlib:
“Görüşün əvvəlki formatda keçirilməsi və ötən dəfə iştirak etməyən digər siyasi partiya rəhbərlərinin də iştirakı nəzərdə tutulub”.
AzadlıqRadiousu yazır ki, Müsavat Partiyası da görüşə dəvət alanlar sırasındadır.
Ancaq görüşə gedib-getməyəcəkləri haqda qərar verməyiblər. Başqan müavini Gülağa Aslanlı «Bu gün, sabah müzakirə edib qərar verəcəyik, indilik nəsə deyə bilmərik» söyləməklə kifayətləndi.
Xalq Cəbhəsi Partiyasından bildirdilər ki, hələlik dəvət almayıblar.
İlk dialoq Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə 2014-cü il dekabrın 13-də baş tutub.
Dialoqa ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qatılıb.