Derek Hoqan: ABŞ-Azərbaycan əlaqələrinin təməli dəyişməz olaraq qalır [Video]

Your browser doesn’t support HTML5

”ABŞ-Azərbaycan əlaqələrinin təməli dəyişməz olaraq qalır”.

Diplomat qeyd edib ki, ABŞ və Azərbaycan bir çox sahələrdə birgə fəaliyyəti və əməkdaşlığı davam etdirmək işinə sadiqdirlər

”ABŞ-Azərbaycan əlaqələrinin təməli dəyişməz olaraq qalır”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan Amerikanın Səsinin son zamanlar Azərbaycanda ABŞ-ın ünvanına səslənən tənqidlərlə bağlı sualına cavab verərkən bildirib.

Diplomat qeyd edib ki, ABŞ və Azərbaycan bir çox sahələrdə birgə fəaliyyəti və əməkdaşlığı davam etdirmək işinə sadiqdirlər:

“Ölkələrimiz bir sıra ikitərəfli əhəmiyyət kəsb edən sahələrdə, o cümlədən regional təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsinin həlli, eyni zamanda terrorizmlə mübarizə, iqtisadi inkişaf sahəsində əməkdaşlıq edir. Biz iqtisadiyyatın diversifikasiyası və inkişafı sahələrində də Azərbaycanla əməkdaşlıq edirik. Digər istiqamət Azərbaycanda demokratiya sahəsidir ki, biz bu sahədə Azərbaycanla və cəmiyyətlə öz işimizi davam etdirəcəyik”.

D.Hoqanın dediyinə görə, ikitərəfli münasibətlərin müəyyən sahələrində fikir ayrılıqları ola bilir:

“Həmin sahələrdə irəliləyişin əldə edilməsi üçün birgə iş tələb olunur və biz Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq”.

Eyni zamanda ABŞ-ın müvəqqəti işlər vəkili Bakıda 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsindən sonra hazırki dövlət katibi Con Kerri də daxil olmaqla bir qrup senatorun keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçova ünvanladığı müraciətin ortaya çıxmasına münasibət bildirib.

Hoqan jurnalistlərin suallarını cavablandırarkən mediada yer alan məlumatları təkzib edib.

"Mediada belə bir iddialar irəli sürülüb. Amma bu cür iddialar tamamilə yanlış və əsassızdır. ABŞ-ın Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməsi uzun müddətdən bəri açıq şəkildə ortalıqdadır və nümayiş olunur", o bildiirb.

Diplomat həmçinin ATƏT-in Minsk qrupu çərçivəsində ABŞ-ın öz işinə ciddi yanaşmaması və qərəzli olması ilə bağlı iddiaları da tamamilə əsassız adlandırıb.

“Amma bir daha əsas diqqəti ona yönəltmək istəyirəm ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini birmənalı şəkildə dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli mövqeyinə sadiqdir”.

Bununal belə Derek Hoqan ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekutanın ən yaxın zamanda Bakıya gələcəyini bildirib.

O, səfirin Azərbaycana gələcəyi tarixin hələ məlum olmadığını deyib.

“Mən ötən müddət ərzində səfir Robert Sekuta ilə bir sıra söhbətlər aparmışam. O, çox tez bir zamanda Azərbaycana gələcəyini, iki ölkə arasında mövcud əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi işinə töhfə verəcəyini səbirsizliklə gözlədiyini deyib”, müvəqqəti işlər vəkili bildirib.