Beynəlxalq təşkilatlar Leyla Yunusun vəziyyətindən narahatdır

logo of FIDH and OMCT

Işgəncələrə qarşı Ümumdünya Təşkilatı və İnsan Hüquqları naminə Beynəlxalq Federasiyası birgə bəyanat verib

Cenevrədə yerləşən Işgəncələrə qarşı Ümumdünya Təşkilatı (OMCT) və İnsan Hüquqları naminə Beynəlxalq Federasiya (FIDH) həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhətinin ciddi təhlükə altında olması ilə bağlı birgə bəyanat yayıb.

Hər iki təşkilat hüquq müdafiəçisinin həyatını xilas etmək üçün Azərbaycan hakimiyyətinə təzyiqi artırmağla bağlı beynəlxalq ictimaiyyəti qəti olaraq reaksiya verməyə çağırır.

“Azərbaycan hakimiyyəti vəziyyətə təcili müdaxilə etməlidir ki, Leyla Yunusa qarşı bütün fiziki və mənəvi təzyiqlərə son qoyulsun, o, qeyri şərtsiz azad edilsin”, sənəddə bildirilir.

Son günlər L.Yunusun vəkilləri onun vəziyyətinin kəskin pisləşdiyini bildirib.

Öz növbəsində Penitensiar xidmət Leyla Yunusun səhhətinin normal olduğunu deyib.

Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus bu ilin iyulunda həbs olunub. Onlar Ermənistanın xeyrinə casusluq, vergidən yayınma və dələduzluqda ittiham olunurlar.

“Amnesty İnternational” onları “vicdan məhbusu” kimi tanıyıb.