“Nabat” filmi 3 beynəlxalq mükafata layiq görülüb

Nabat filmi

Film Qarabağ münaqişəsindən bəhs edir

“Nabat” bədii filmi 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında (International Filmfestival Mannheim-Heidelberg) üç mükafata layiq görülüb.

Bu barədə ”Azərbaycanfilm” kinostudiyası məlumat yayıb.

Film “Müstəqil Beynəlxalq Münsiflər Heyəti”nin (Independent International Jury) rəyinə əsasən, insan əzminin hekayəsini təsirli və ümumbəşəri şəkildə əks etdirən ən yaxşı film kimi Festivalın “Mannheym-Heydelberq mükafatı”na (Mannheim-Heidelberg Award) layiq görülüb.

Bu festivalın üç əsas mükafatından biridir.

“Nabat” bədii filmi eləcə də “Müstəqil Beynəlxalq Münsiflər Heyəti”nin nüfuzlu “Beynəlxalq Kinotənqidçilər Mükafatı”nı (International Film Critics’ Prize) alıb.

Fransa, Almaniya, İsveç və Avstriyadan olan münsiflər heyətinin rəyinə əsasən, film “Ecumenical Jury mükafatı"na da layiq görülüb.

Mükafatların təqdimolunma mərasimində filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu iştirak edib.

Elçin Musaoğlunun “Nabat” filmi Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiyasının nüfuzlu mükafatı olan “Oskar”a təqdim olunub.

“Nabat” filmi Qarabağ müharibəsindən bəhs edir.