ABŞ, Minsk qrupu, Avropa Birliyi cəbhədə gərginliyin artmasından narahatdır

Azərbaycan Silahlı Qüvvələrinin vurduğu helikopter

Azərbaycan Ermənistan ordusunun ərazisindən çıxmasını tələb edir

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan-Azərbaycan cəbhəsinin Azərbaycanın Ağdam rayonu ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus döyüş helikopterini vurması geniş rezonans doğurub.

Azərbaycan Xarici İşlər Nazirliyi, ABŞ Dövlət Departamenti, Avropa Birliyi, ATƏT-in baş katibi, Minsk qrupunun həmsədrləri, NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi bəyanatlarla çıxış edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, bu il oktyabrın 27-də Parisdə prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimlərə başladıb.

Təlimlərdə çoxlu sayda canlı qüvvə və hərbi texnika iştirak edir. Eyni zamanda atəşkəs rejimi Ermənistan tərəfindən intensiv şəkildə pozulmaqda davam edib.

Noyabrın 12-də son üç gün ərzində müşahidə edilən provokativ döyüş uçuşlarının davamı olaraq, Ermənistana məxsus iki ədəd Mi-24 tipli helikopter Azərbaycan qoşunlarının müdafiənin ön xəttində yerləşən mövqelərinə hücum edərək atəşə tutub. Cavab atəşi ilə helikopterlərdən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.

“Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün davamıdır. Paris görüşünün nəticəsi olaraq, Böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə Ermənistanın bu məqsədyönlü təxribatçı əməlləri vəziyyətin gərginləşdirilməsi, danışıqlar prosesinə xələl gətirilməsi və mövcud status-kvonun saxlanması məqsədi daşıyır”, Xarici İşlər Nazirliyi bəyan edir.

XİN bildirir ki, gərginliyin yaranmasının əsas səbəbi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində olmasıdır.

“Buna görə də Azərbaycan tərəfindən dəfələrlə bəyan edildiyi kimi, onsuz da gərgin olan vəziyyətin ağırlaşdırılmasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

Münaqişənin sülh yolu ilə həlli və regionda sülhün və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”, nazirlik bildirir.

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi zonasında, qoşunların təmas xəttində Ermənistan ordusuna məxsus döyüş helikopterinin vurulmasından narahatdır.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib ki, bu insident regionda gərginliyin azaldılması və atəşkəsə hörmət qoyulmasının vacibliyini “bir daha yada salır”.

O, noyabrın 12-də Vaşinqtonda jurnalistlərə deyib ki, “münaqişə hərbi yolla həll oluna bilməz”.

Avropa Birliyinin xarici siyasət fəaliyyəti xidməti Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistan hərbi helikopterinin vurulmasından sonra münaqişə tərəflərini təmkinli olmağa çağırıb.

Avropa Birliyi xarici siyasət rəhbəri Federica Mogherini bildirib ki, “bütün tərəflər təmkin nümayiş etdirməli və durumu gərginləşdirəcək istənilən hərəkət və bəyanatdan çəkinməlidir”.

Mogherini insidentin araşdırılmasına çağırıb.

ATƏT-in Minsk Qrupunun həmsədrləri cəbhədə insan tələfatından təəssüflənir və başsağlığı verir.

“Biz təkidlə tərəfləri təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində eskalasiya yaradacaq addımların atılmasından çəkinməyə çağırırıq. Bu ilin yayında olduğu kimi növbəti dəfə regionda belə bir gərginliyin yaranmasına yol verilməməlidir.

Bugünkü hadisələr Dağlıq Qarabağ ətrafında durumun qeyri-stabil olmasını yada salır və davamlı sülhə nail olunması üçün təcili olaraq səylərin canlandırılmasının vacibliyndən xəbər verir”, həmsədrlərin bəyanatında deyilir.

ATƏT-in Baş katibi Lamberto Zaniyer deyib ki, ATƏT Dağlıq Qarabağda helikopterin vurulması ətrafındakı hadisələrdən narahatdır:

“ATƏT hesab edir ki, bu cür insidentlər böhranın miqyasını genişləndirə bilər. Biz Dağlıq Qarabağda və Dağlıq Qarabağın hüdudlarından kənarda baş verən hadisələrdən çox narahatıq. Bu cür hadisələr onsuz da qeyri-stabil olan vəziyyəti daha da gərginləşdirə bilər”, o qeyd edib.

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Ermənistan helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması barədə məlumatlardan narahat olduğunu bildirib.

“İnsidentin hansı şəraitdə baş verməsindən asılı olmayaraq, hər iki tərəf səbirli olmalı və münaqişənin diplomatik həllinə davam etməlidir”, o vurğulayıb.