Bakı İstintaq Təcridxanasında saxlanan Nuriyyə Hüseynovanın iddiası üzrə Yasamal Rayon Məhkəməsində məhbus hüquq müdafiəçisi Leyla Yunusun vəkili Əlayif Həsənovun işi üzrə hazırlıq iclası olub. Bu gün proses davam etdiriləcək.
1 saylı Bakı İstintaq Təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusla eyni kamerada saxlanan Nuriyyə Hüseynova adlı şəxs vəkil Əlayif Həsənovu (təhqir və böhtan ittihamı ilə) xüsusi ittiham qaydasında məhkəməyə verib. Onun fikrincə vəkil onu və ailə üzvlərini mediada və sosial şəbəkələrdə təhqir edib.
Əlayif Həsənov hüquq müdafiəçisinə istinadən mediaya bildirib ki, Nuriyyə Hüseynova kamerada Leyla Yunusa fiziki və psixoloji təzyiq edir.
Vəkil Amerikanın Səsinə müsahibəsində deyib ki, hazırlıq iclası oktyabrın 10-da davam edəcək: “Mən və vəkillərim işin qeydiyyatda olduğum rayona Zərdab Rayon Məhkəməsinə verilməsini istəmişik”.
Your browser doesn’t support HTML5
Onun sözlərinə görə, hakim Nuriyyə Hüseynova həbsdə olduğu üçün məhkəmə onun Zərdaba getməsi ilə bağlı indiki anda qərara qəbul edə bilməz.
“Ancaq Nuriyyə Hüseynova Yasamal rayon məhkəməsinə gətirilmişdi. Qanunvericiliyə görə onun məhkəməyə gətirilməsi barədə məhkəmə qərarı olmalıdır” .
Ə.Həsənov hakimdən Nuriyyə Hüseynovanın məhkəməyə hazırlaşması üçün onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib. Bu vəsatət qəbul edilməyib. “Hüseynova mənim onu və ailə üzvlərini sosial şəbəkələrdə təhqir etdiyimi bildirir. Halbuki mən heç kimi, o cümlədən Hüseynovanı heç zaman təhqir etməmişəm. Bu səbəbdən sosial şəbəkələrlə tanış olması üçün o azad buraxılmalıdır”.
Həsənov eyni zamanda ittihamın vəkillərdə qorxu yaratmaq, onu Leyla Yunusun müdafiəsindən kənarlaşdırmaq məqsədi daşıdığını bildirib.