REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun harada saxlanıılması məlum deyil.
İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova Amerikanın Səsinə deyib ki,10 gündən artıqdır İ.Məmmədovdan heç bir xəbər yoxdur.
“Biz çox narahatıq. Olqarın harada saxlanması barədə nə ailəsinə, nə də vəkillərinə məlumat verilmir. Olqarın özünə də mənəvi əziyyət verirlər. O ailəsi və vəkilləri ilə görüşməlidir”, deyə bildirib.
Vəfa Məmmədova ötən həftə Şüvəlan istintaq təcridxanasına gedərək, yemək aparsa da qəbul etməyiblər.
“Mənə dedilər ki, biz sizə heç bir məlumat verə bilmərik. Bizim heç bir hüququmuz yoxdur. Yalnız cəzaçəkmə müəssələrinə məhbuslar paylandığı zaman ailələri ilə danışa və ya görüşə bilərlər. Hətta vəkil Xalid Bağırov da görüş üçün getmişdi. Onu da qəbul etməyiblər”, V.Məmmədova deyib.
Onun sözlərinə görə bununla bağlı vəkillər aidiyyatı orqanlara müraciət etsələr də, müraciətləri cavabsız qalıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzindən şərh almaq mümkün olmayıb.
Respublikaçı Alternativ Hərəkatının (ReAL) İdarə Heyəti bu halı qətiyyətlə pisləyir, onu ölkə üçün gerçək və gələcək təhlükə sayır.
ReAl İdarə Heyəti xüsusilə vurğulayır ki, ilk gündən (4 fevral 2013-cü il) qanunsuz həbsdə saxlanılan, barəsində tam qərəzli istintaqın aparılan və ədalətsizliyi şübhə doğurmayan məhkəmənin hökmü Ilqar Məmmədov'un azadlığa buraxılmasının vacibliyinin önəmini getdikcə artırır.
Öz növbəsində Tofiq Yaqublunun qızı Nigar Yaqublu İlqar Məmmədovla birgə mühakimə olunan Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun Bakının Qaradağ rayonundakı13 saylı Cəzaçəkmə Müəssisəsinə göndərildiyini açıqlayıb.
Sentyabrın 24-də Şəki Apelyasiya Məhkəməsi "İlqar Məmmədov, Tofiq Yaqublu və başqaları"nın işi üzrə qərar verib. Məhkəmə ittiham hökmününün İlqar Məmmədova və Tofiq Yaqubluya aid hissəsini qüvvədə saxlayıb.
17 mart 2014-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi 18 nəfəri İsmayıllı iğtişaşlarında iştiraka və onun təşkilinə görə cinayət məsuliyyətinə cəlb edib.
ReAl hərəkatının lideri İlqar Məmmədov 7 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hər iki siyasətçi Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb.
Daha 8 nəfər 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıb.