AŞPA Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər əraziləri ilə bağlı hesabat hazırlayacaq

Avropa Şurası Parlament Assambleyası (AŞPA)

Oktyabrın 1-də siyasi komitədə məruzəçinin seçilməsi müzakirə olunacaq

Sentyabrın 29-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında “Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər ərazilərində gərginliyin artması haqqında” hesabatın hazırlanmasına dair qərar qəbul edilib. Ermənistan deputatlarının müqavimətinə baxmayaraq qərar qəbul edilib.

Oktyabrın 1-də AŞPA siyasi komitəsinin iclasında bununla bağlı məruzəçinin seçilməsi məsələsi müzakirə olunacaq.

2005-ci ilin yanvarında AŞPA lord Atkinsonun hesabatı əsasında Dağlıq Qarabağa dair qətnamə qəbul edib. Sənəddə erməni işğalı pislənilir, Azərbaycanın ərazi bütövlüyünün bərpası tələb olunur.

Bu qətnaməyə uyğun olaraq AŞPA-da Azərbaycan, Ermənistan və digər ölkələrin deputatlarının iştirakı ilə Dağlıq Qarabağ üzrə alt komitə yaradılıb. Lakin son illər erməni nümayəndə heyəti alt komitənin işini əngəlləyib.