Əli Həsənov Avropa Birlyinin komissarlarının bəyanatının məhkəməyə təzyiq olduğunu deyir

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov

Onun sözlərinə görə Avropanın özündə insan hüquq və azadlıqları kobud şəkildə məhdudlaşdırılır

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avropa Birlyinin komissarları Ketrin Eşton və Ştefan Füle-nin növbəti dəfə Azərbaycanda insan haqlarının pozulması barədə verdikləri bəyanatların qərəzli və qeyri-obyektiv xarakter daşıdığını və subyektiv mülahizələr olduğunu deyir.

Bu barədə AzərTac-a müsahibə verən Əli Həsənov bildirib ki, "onların bu bəyanatı istintaqa, məhkəmələrə təzyiqdir".

“Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinə, "Amnesty İnternational", "Human Rights Watch" və digər bu kimi təşkilatlara məsləhət görərdik ki, Azərbaycana qarşı selektiv, tendensiyalı münasibətə, ikili standartlar siyasətinə son qoysunlar", o bildirib.

Bununla belə Əli Həsənov Ermənistan-Azərbaycan münaqişəsinə toxunub, Avropadan beynəlxalq hüquq normaları çərçivəsində əməli yardım gözlədiyini deyib.

“Təəssüf ki, Azərbaycanda ən müxtəlif məsələlərlə bağlı ardıcıl və bir qayda olaraq qərəzli bəyanatlar səsləndirən Avropa rəsmiləri, bəzi xarici hüquq-müdafiə təşkilatları bu reallıqları nəinki görmək istəmir, bir milyondan artıq azərbaycanlının elementar insan haqlarının neçə illərdir ki, kobudcasına tapdanması faktını da qulaqardına vururlar”, deyə müsahibəsində vurğulayıb.

Əli Həsənov Avropanın özündə və ATƏT məkanında insan hüquq və azadlıqlarının kobud şəkildə məhdudlaşdırılması ilə bağlı çoxsaylı faktların mövcud olduğunu deyib.

“Bir daha qeyd edirəm ki, Azərbaycan müstəqil dövlətdir, öz daxili işlərinə hər hansı kənar müdaxilələri qəbul etmir və bundan sonra da etməyəcək”, o bildirib.