Azərbaycanda siyasi məhbuslar üzrə məruzəni Aqramunt hazırlayacaq

AŞPA-nın həmməruzəçisi Pedro Aqramunt

Siyasi məhbuslar üzrə məruzəçinin hazırlanması missiyasının Aqramunta həvalə edilməsinə 29 deputat səs verib

Azərbaycanda siyasi məhbuslar üzrə məruzənin hazırlanması ispaniyalı deputat Pedro Aqramunta həvalə edilib. O, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisidir.

Bu qərar iyunun 25-də AŞPA-nın Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsində qəbul olunub.

Siyasi məhbuslar üzrə yeni məruzəçi postuna bu məsələnin müzakirəsinin təşəbbüsçüsü, irlandiyalı deputat Maykl Maknamara hollandiyalı deputat Pyeter Omsiqtın namizədliyini irəli sürüb. Lakin onun lehinə 19 deputat səs verib.

Məsələnin alternativ həllinə - siyasi məhbuslar üzrə məruzəçinin hazırlanması missiyasının Aqramunta həvalə edilməsinə 29 deputat səs verib.

Bu barədə Amerikanın Səsinə hüquq müdafiəçisi Rəsul Cəfərov məlumat verib. Onun fikrincə, məruzəçi insan hüquqları ilə bağlı konformist mövqe tutan Aqramunt təyin edilsə də bu qərarın qəbulu faktının özü siyasi məhbuslar problemin olmasından xəbər verir.

İstənilən halda Aqramunt məruzəni hazırlamalı və problemi Azərbaycan hakimiyyəti ilə müzakirə etməli, siyasi məhbusların azad edilməsi üzrə addımların qəbuluna yardım etməlidir.

Ötən gün Azərbaycanın 11 hüquq müdafiə təşkilatları 81 nəfər siyasi məhbusun olduğu siyahını AŞPA-ya təqdim edib.